Sudan Silahlı Qüvvələri ölkənin cənub-şərqindəki Göy Nil ştatında yerləşən strateji Kurmuk şəhərini "Çevik Dəstək Qüvvələri" (RSF) adlanan hərbi qruplaşmadan tamamilə təmizlədiyini elan edib. Şəhərin nəzarətə götürülməsi şiddətli döyüşlərdən sonra baş tutub.
News365.az xəbər verir ki, Rəsmi ordu bəyanatında bildirilir ki, hökumət qüvvələri müttəfiqlərin dəstəyi ilə RSF qruplaşmasına ağır zərbələr endirib. Qarşıdurma zamanı qarşı tərəf çoxsaylı canlı qüvvə və texnika itkisi verib, həmçinin onlara məxsus xeyli sayda silah-sursat və hərbi nəqliyyat vasitəsi qənimət götürülüb.
Ordu rəsmiləri növbəti mərhələdə əsas diqqətin mülki əhalinin təhlükəsizliyinin qorunmasına və şəhərdə dayandırılmış infrastrukturun, eləcə də əsas xidmətlərin bərpasına yönəldiləcəyini vurğulayıblar. "Çevik Dəstək Qüvvələri" isə hələlik məsələ ilə bağlı hər hansı şərh verməyib.
Qeyd edək ki, Kurmuk şəhəri Sudanın Efiopiya ilə sərhədində yerləşən mühüm ticarət dəhlizi və müdafiə buferi rolunu oynayır. Eyni zamanda, bu məntəqə ölkə üçün həyati əhəmiyyət kəsb edən "Əl-Roseires" bəndinə gedən yolları qoruyur. RSF qruplaşması martın 24-də şəhərin nəzarətini ələ keçirmişdi.
Xatırladaq ki, 2023-cü ilin aprel ayının ortalarından bəri Sudanda ordu ilə RSF arasında davam edən qanlı vətəndaş müharibəsi nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan isə öz yurd-yuvasından didərgin düşüb.
News365.az