Smartfon alarkən əksər istifadəçilər kamera keyfiyyəti, prosessor gücü və yaddaş tutumuna üstünlük verirlər. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, cihazın uzunmüddətli proqram təminatı dəstəyi də seçim zamanı ən vacib meyarlardan biri olmalıdır.
Çünki yenilənmə almayan smartfonlar zamanla həm müasir funksiyalardan geri qalır, həm də təhlükəsizlik baxımından ciddi risklərlə üzləşirlər. Xarici mediada yer alan son məlumatlara görə, bir çox populyar smartfon modelləri üçün proqram təminatı dəstəyinin sonuna az qalıb.
News365.az rəsmi yenilənmə dəstəyi yaxın müddətdə başa çatacaq məşhur modellərin siyahısını təqdim edir:
Samsung modellərində son mərhələ Cənubi Koreya nəhənginin yeni flaqmanlarında uzunmüddətli dəstək tətbiq olunsa da, əvvəlki nəsil populyar cihazlar üçün vaxt daralır:
Galaxy Z Fold3 və Galaxy Z Flip3: Təhlükəsizlik yeniləmələrinin 2026-cı ilin avqustunda tamamilə dayandırılması gözlənilir.
Galaxy S21 FE 5G: Artıq yeni Android versiyalarını almır, təhlükəsizlik yeniləmələri isə 2027-ci ilin yanvarına qədər davam edəcək.
Galaxy S22, S22+ və S22 Ultra: Əsas sistem yeniləmələri başa çatıb. Təhlükəsizlik yamaları isə 2027-ci ilin fevralına qədər təqdim ediləcək.
Galaxy A53 5G və Galaxy A54 5G: Orta seqmentin bu sevilən modellərinin də rəsmi dəstək müddəti yaxın illərdə yekunlaşacaq.
Google Pixel və iPhone istifadəçiləri də diqqətli olmalıdır
Google Pixel 6 və Pixel 6 Pro: Bu modellər üçün son yeniləmələrin 2026-cı ilin oktyabrında veriləcəyi gözlənilir. Növbəti illərdə isə növbə Pixel 6a, Pixel 7 və Pixel 7 Pro-ya çatacaq.
Apple (iPhone): Şirkət dəqiq müddət açıqlamasa da, mövcud yeniləmə siyasətinə əsasən iPhone SE (2020), iPhone 11, 11 Pro və 11 Pro Max modellərinin yaxın gələcəkdə böyük iOS yeniləmələrindən tamamilə kənarda qalacağı gözlənilir.
Dəstək bitdikdə nə baş verir? Mütəxəssislər bildirirlər ki, proqram təminatının dayanması telefonun dərhal sıradan çıxması demək deyil. Lakin təhlükəsizlik yeniləmələri kəsildiyi üçün cihazlar kibertəhlükələrə və xaker hücumlarına qarşı müdafiəsiz qalır. Bundan əlavə, bank və sosial şəbəkə tətbiqləri zamanla köhnə əməliyyat sistemlərini dəstəkləməyi dayandırır. Bu səbəbdən istifadəçilərə indidən yeni cihazlara keçidi planlaşdırmaq tövsiyə olunur.