4 qəsəbədə rentgen yoxdur, növbə sıxlığı var – TƏBİB hansı tədbirləri görür?+ YENİLƏNDİ

4 qəsəbədə rentgen yoxdur, növbə sıxlığı var – TƏBİB hansı tədbirləri görür?+ YENİLƏNDİ
10 İyl 2026 10:10

BAKI, Abşeron rayonunun Balaxanı, Binə, Ramana və Razin qəsəbələrində yerləşən şəhər tipli poliklinikalarda rentgen aparatı yoxdur. Bu səbəbdən ərazidə yaşayan minlərlə sakin diaqnostika üçün Zabrata getməyə məcbur qalır.

Sakinlərin News365.az-a bildirdiyinə görə, Zabrata poliklinikasında xəstə sıxlığı və uzun növbələr səbəbindən sakinlər arasında tez-tez mübahisələr yaşanır. 

“Balaxanıdan, Binədən, Ramanadan, Razindən xəstə adam taksi tutub Zabratə gəlir. Bir rentgen üçün yarım gün vaxt gedir. Orada da növbə çoxdur, insanlar bir-biri ilə dalaşır” - sakinlərdən biri deyir.

Həkimlər də təsdiqləyir ki, ilkin diaqnostika üçün zəruri olan rentgen xidmətinin olmaması diaqnozun gecikməsinə və xəstələrin vəziyyətinin ağırlaşmasına səbəb olur. 

Sakinlər TƏBİB və Abşeron Rayon Mərkəzi Xəstəxanasından bu 4 qəsəbənin poliklinikalarını rentgen aparatı ilə təchiz etməyi tələb edir. Onların sözlərinə görə, hər qəsəbədə ayrı-ayrı aparat olmasa belə, ən azı 1 səyyar rentgen xidməti təşkil edilə bilər.

TƏBİB-dən məsələ ilə bağlı mövqe öyrənilir.

***
Məsələ ilə bağlı News365.az-a bildirildi ki, 
Vətəndaşlar üçün daha rahat və operativ xidmət modelinin formalaşdırılması TƏBİB-in prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə rəqəmsal həllərin tətbiqi ardıcıl şəkildə genişləndirilir, xidmət proseslərinin səmərəliləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaş sıxlığının qarşısının alınması məqsədilə onlayn növbə sisteminin növbəti inkişaf mərhələsi üzrə proqram təminatının yenilənməsi həyata keçirilir. Yenilik çərçivəsində onlayn növbə ilə qeydiyyatdan keçən vətəndaşların qeydiyyat masasına yaxınlaşmadan birbaşa həkim qəbuluna yönləndirilməsi nəzərdə tutulur.

Bu funksionallığın cari ilin sonunadək tibb müəssisələrində mərhələli şəkildə tətbiqi planlaşdırılır. Əsas məqsəd qəbul prosesini maksimum dərəcədə optimallaşdırmaq, əlavə prosedurları azaltmaq və vətəndaşların gözləmə müddətini qısaltmaqdır.

Qeyd edək ki, onlayn növbə sistemi artıq beş tibb müəssisəsində - Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində fəaliyyət göstərir.

Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır.



Sizin reklam burada
Sizin reklam burada