Hazırda
Azərbaycanın indiki iqtidarı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu
yüksək səviyyədə yerinə yetirir
1991-ci ildən başlayaraq Azərbaycan öz müstəqilliyinə qədəm qoyan dövlət olaraq bütün dünyada öz siyasi
kimliyini ortaya qoyub. Bu gün Azərbaycan xalqı müstəqil həyat yaşayır və heç
bir dövlətdən asılı deyil. Azərbaycanda dövlətçiliyin əsasları məhz Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyuldu. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş
prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil
Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük
səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.
Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın bütün
siyasi idarəetmə sistemini yenidən formalaşdırdı. Azərbaycanın Konstitusiyası
qəbul olundu. Azərbaycanın demokratik inkişafı Heydər Əliyevin hakimiyyət
dövrünü daha da yüksəldi.
Ümummilli
Lider Heydər Əliyevin siyasi kursu dəyişməzdir və bu gün də davam edir. Ulu
Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub
saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin
yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü
məsələlərdə uğurla sınaqdan çıxmışdır. Azərbaycanda Heydər Əliyevin siyasəti illərlə
yaşayır və bundan sonra da yaşayacaq. Çünki Heydər Əliyevin siyasətini layiqli
davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Heydər Əliyevin siyasi
kursu dövlət müstəqilliyinin güclənməsinə xidmət edir. Bunu da Azərbaycanın
indiki iqtidarı yüksək səviyyədə yerinə yetirir. Çünki Heydər Əliyev
Azərbaycanda hakimiyyətə gəldiyi zaman bir milli ideologiya yaratdı. Ulu Öndər
çox gözəl bilirdi ki, milli ideologiyası olmayan dövlət heç vaxt inkişaf edə
bilməz. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən
biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu
azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox,
eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya
azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə
çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət
edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi
amilə çevrilmişdir. Və bu gün bu ideologiya bütün dövlət idarəçiliyində tətbiq
olunur. Bu haqda Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan dövlətinin milli
ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik,
milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq
anlayışının tərkib hissələridir”. Azərbaycan xalqının milli ruhu əyilməzdir.
Azərbaycançılıq ideologiyası xalqımızın milli ruhuna bağlıdır. Bu ideologiya
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dərin qatlarından xəbər verir.
Yeni nəslinin də bu günləri, azərbaycançılıq ideologiyasına söykənərək
böyüməsi, birləşməsi çox önəmlidir.
Əlbəttə
ki, güclü dövlətin qurulması üçün dayanıqlı iqtisadiyyat lazımdır. Bunun üçün
düşünülmüş iqtisadi siyasət həyata keçirilməlidir. Məhz buna görə də Ulu Öndər
Heydər Əliyev Azərbaycanın iqtisadi siyasət modelini ortaya qoydu. Bu iqtisadi
siyasət modelinin əsasını da neft strategiyası təşkil edir. Ümummilli
Lider Heydər Əliyev Azərbaycanın təbii
sərvəti olan neftin məhz xalqın gələcək inkişafına xidmət etməsi üçün uğurlu
bir neft siyasəti qurdu. Bu da “Əsr müqaviləsi”nin imzalanması ilə start
götürdü. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin
müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini
müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13
neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19
ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış. “Əsrin
müqaviləsi” imzalandıqdan sonra neftimiz neft kəmərləri vasitəsi ilə xaricə
çıxış etdi. Belə ki, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft
kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına
çıxarılmışdır. Bundan sonra Azərbaycan dövlətinin iqtisadi inkişafı daha da
yüksəldi. Həyata keçirilən neft strategiyası bütün xalqın rifahının yaxşılaşdırılmasında,
Azərbaycanın ümumi olaraq inkişafında, möhkəmlənməsində çox önəmli rol oynadı.
Ümumiyyətlə, ölkənin iqtisadi inkişafı digər sahələrin də inkişafına öz
təsirini göstərdi. Dövlətimizin büdcəsi artdıqdan sonra bir sıra böyük dövlət
proqramları icra olunmağa başlandı. Neftdən gələn gəlirlər ölkənin bir sıra
sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rol oynadı. Həmçinin neft
gəlirləri insan kapitalının inkişafına yönləndirildi. Məhz buna görə də bu gün
Azərbaycan dünyada artıq neft və qaz ölkəsi kimi tanınır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar
müəllimi