Prezident İlham Əliyev: “Biz öz resurslarımıza arxalanaraq güclü
iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı
deyilik”
Bu gün Azərbaycan dövləti dayanıqlı iqtisadi
inkişafa malikdir. Prezident İlham Əliyevin düşünülmüş siyasətinin əsasında
sabitliyin qorunması dayanır. Dövlətimiz bunun sayəsində
uğurlu inkişaf edib. Eyni zamanda, xalq tərəfindən dövlət başçısının siyasətinə
dəstək verilir. Bu, o deməkdir ki, dövlət və xalq birliyi özünü göstərir.
Hazırda
hərbi sənaye kompleksinin xüsusi olaraq inkişaf etdirilməsi, təhlükəsizliyin
təmin olunması və sərhədlərin qorunması məsələsi də çox önəmlidir. Dövlətin
büdcə xərcləri bu istiqamətlərdə də artırılıb. Çünki dövlətimizin
təhlükəsizliyinin təmin olunması ən birinci şərtdir. Bu gün Azərbaycan
təhlükəsiz, sabit bir ölkə olaraq tanınır. Ona görə də Azərbaycanda
təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Prezident İlham Əliyevin
cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki
çıxışında bildirdiyi kimi, gələn ilin əsas xərcləri artıq müəyyən edilib: “İlk
növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin
edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı,
təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm
sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də
ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət
İnvestisiya Proqramında öz əksini tapacaq”. Artıq ərazi bütövlüyümüz tam bərpa
olunub. Qarabağ ərazisində sərhədlərimiz qorunur. Yeni hərbi hissələr, postlar
yaradılır və bunda da məqsəd odur ki, Azərbaycan dövləti Ermənistanla öz
sərhədlərini möhkəmləndirsin və düşmənlərdən bizim sərhədlərimiz təhlükəsiz
formada qorunsun.
Azərbaycan dövlətinin bütün xərcləri öz maliyyəsi
hesabına həyata keçirilir. Azərbaycanın büdcəsi öz iqtisadi gəlirlər əsasında
qurulur və ildən-ilə artırılır. Dövlətimizin başçısı müşavirədə Azərbaycan
iqtisadiyyatının inkişaf templərinə və
iqtisadiyyatın şaxələndirilməsi üçün qarşıda duran məsələlərə toxunub,
büdcə xərcləri haqda danışaraq gələcək fəaliyyət planlarını qeyd edib:
“İqtisadi inkişaf templəri. İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər
saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə
olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də
iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”. Bununla da Azərbaycan
dövləti öz iqtisadi dayanıqlığını qoruyur və inkişaf edir. Bütün dövlətin
ayaqda qalması üçün lazım olan xərcləri təmin edilir. Büdcənin artması və
Azərbaycanın gələcək iqtisadi inkişafı əhalinin sosial rifahının
yaxşılaşdırılmasına yönləndirilir. Cənab Prezident deyib ki, büdcə dövlətimizin
imkanlarını əks etdirir: “Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici
borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya
miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə
imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf
edək”. Xüsusən Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün xərclər bu gün çox
önəmlidir. Azərbaycanın geniş maliyyə imkanları əldə etməsi qeyd olunan
sahələrə diqqətin artırılmasını zərurətə çevirib. Artıq bundan sonra yeni mühüm
mərhələdə mövcud uğurların qorunub saxlanılması vacib amildir. Dövlətimiz heç
bir ölkədən maliyyə almadan öz gücü ilə burada abadlıq-quruculuq işləri aparır.
Artıq bu ərazilərdə yeni həyat başlayıb. Və müsbət haldır ki, bunlar hamısı
müasir standartlar uyğun olaraq həyata keçirilir.
Bildiyimiz
kimi, Azərbaycanın özünün iqtisadi inkişaf modeli var. Dünyada bu, nümunəvi bir
model qəbul edilir. Bunun ən özəl cəhəti odur ki, Azərbaycan dövləti öz
resursları hesabına iqtisadi inkişafa nail olub və ildən-ilə daha da
gücləndirir. Bu baxımdan Azərbaycan iqtisadi olaraq heç bir dövlətdən asılı
deyil. Nə siyasi, nə də iqtisadi olaraq Azərbaycanın asılılığı yoxdur.
Prezident qeyd edib ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada
özünü təsdiqləyib: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat
qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi
müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır
ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara
bilsin. Necə ki, aparmışıq və aparacağıq”. Məhz Azərbaycanın bu iqtisadi
müstəqilliyinin olması beynəlxalq aləmində də yeni bir tərəfdaşların
qazanmasına imkan yaradır. Çünki beynəlxalq müstəvidə hər hansı bir ölkənin
iqtisadi müstəqilliyinin olması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də
Azərbaycanın ildən-ilə tərəfdaşlarının sayı çoxalır. Azərbaycan yeni-yeni
qlobal layihələrdə iştirak edir. Çox müsbət haldır ki bir çox beynəlxalq
layihələrdə Azərbaycan aparıcı rola malikdir. Bütün bunlar dövlətimizin
iqtisadi və siyasi gücünün bariz nümunəsidir.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi