Yurdunda “Yurd həsrətim bitdi ” DEYƏNLƏR

Yurdunda “Yurd həsrətim bitdi ” DEYƏNLƏR
04 Okt 2024 11:21

 “Yurd həsrəti” adlı layihənin yekunlarına həsr olunan təqdimat keçirilib. İlk olaraq Kəlbəcərin  bir neçə kəndində soydaşlarımızın uğurlu həyat hekayələrindən bəhs edən “Çin çıxan yuxular” adlı video materiala tamaşa edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev  bu cür   sənədli filmlərin insanlarımızda ruh yüksəkliyi yaratdığını, evinə, yurduna dönmək istəyi aşıladığını deyib.  Rövşən Rzayev qeyd edib ki, yurddaşlarımız indi səbrsizliklə evlərinə dönmək arzusu ilə yaşayırlar. Komitə sədri azad olunan torpaqlarımıza köçlərimizin davam etdiyini, bütün azad olunan torpaqlarımızda bu prosesin başa çatmasına şahidlik edəcəyimizi bildirib.

“Gələcəyə  Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibova “Çin çıxan yuxular” adlı  həyat hekayələrinin Kəlbəcərin bir neçə kəndində çəkildiyini deyib. O,  kəlbəcərlilərin   doğulduqları, böyüdükləri ev-eşikləri ilə bağlı 30 illik işğal zamanı  gördükləri ümid dolu yuxuların bu gün çin olduğunu qeyd edib.  B.Nəsibova yaradıcı heyətlə birgə kəndləri gəzdiyini, inasanlarla həmsöhbət olduğunu və filmdə çəkildiyini belə izah edib: Mən də Kəlbəcərdə doğulmuşam, uşaqlığım, gəncliyim bu yerlərdə keçib. Ona görə də yurddaşlarımın duyğularını gözəl anlayıram. Yurd həsrətimin bitdiyini mən də filmdə qürurla dedim”. Sitatın sonu. 

 Tədbirdə iştirak edən yaradıcı heyət, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri azad olunan torpaqlarımızda bu cür filmlərin çəkilməsinin təkcə yerli  deyil, eyni zamanda dünya ictimaiyyəti üçün də əhəmiyyətli olduğunu vurğulayıblar.

 “Gələcəyə  Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin   bu ilin  iyul ayının 1-dən sentyabrın 30-a kimi davam edən “Yurd Həsrəti” adlı  layihəsinə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstərib.

 


Youtube kanalımız

Oxşar xəbərlər