Artıq ötən ildən başlayaraq 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd
olunur
Cəbrayıl rayonu Azərbaycanın dilbər
guşələrindən, səfalı rayonlarından biridir. Ötən əsrin 90-cı illərdə
Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində Cəbrayıl
rayonu da işğala məruz qalmışdır. Bu rayonun da əhalisi qaçqın və məcburi
köçkün düşmüşdü. İranla sərhəd olan bu rayon müharibə başlayan gündən təhlükədə
idi. Baxmayaraq ki, qəhrəman hərbçilərimiz və yerli sakinləri rayonun müdafiəsi
uğrunda döyüşmüşdür. Lakin qeyri-bərabər döyüşlərdə Ermənistan xarici
havadarlarının köməyi ilə Cəbrayıl rayonunu 1993-cü il avqustun 23-də işğal
etmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət
idi. Ermənilər işğalda saxladıqları digər rayonlarımız kimi Cəbrayıl rayonunda
da çox ağılasığmaz şəkildə dağıntılar etmişdilər. Bu dağıntılar nəticəsində
Cəbrayıl rayonu tanınmaz hala düşmüşdür. Hətta rayonun sakinləri sonradan
torpaqlarımız işğaldan azad olduqdan ora getdikdə hətta öz evlərini,
kəndlərini, yollarını belə, tapa bilmirdilər. İşğal nəticəsində Cəbrayıl
rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə
edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil
məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd
ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ
müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər
rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bütün bunlar da
erməni vandalizminin təzahürü idi. Bu da ermənilərdən gözlənilirdi. Çünki ermənilər,
demək ki, bütün Qarabağ və Şərqi Zəngəzurda bu kimi vandalizm əməlləri
etmişdilər.
Cəbrayıl
rayonu işğal olandan sonra ən böyük çətinlik, əzab-əziyyət, əlbəttə ki, yerli
sakinlər üçün oldu. Onlar 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı
yaşadılar. Bu müddətdə onlar sözün həqiqi mənasında fiziki və mənəvı
çətinliklərə məruz qalmışdılar. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58
rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük
vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Azərbaycan dövləti tərəfindən
cəbrayıllı qaçqın və məcburi köçkünlərin də yaşayışları üçün müvəqqəti
şəhərciklərdə evlə təmin edilmişdir. Amma onların yenə də arzusu, istəyi,
həsrəti öz torpaqlarına qayıtmaq, öz torpaqlarında yaşamaq idi. Bu istəyə, bu
arzuya da cəbrayıllılar 27 ildən sonra çatdılar. Belə ki, 2020-ci il 27
sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3
oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri,
4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu,
Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və
Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan
hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd
işğaldan azad edildi.
Cəbrayıl
uğrunda döyüşlərdə Azərbaycan Ordusu çox böyük qəhrəmanlıq göstərmişdir.
Baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələri burada istehkamlar qurmuşdular,
özlərini müdafiə etməyə çalışmışdılar. Azərbaycan Ordusunun gücü, artilleriyası
bir daha göstərdi ki, Ermənistan ordusu hansı istehkam qurursa qursun,
ordumuzun qarşısında dayana bilməz. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni
zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal
altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan
sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut
qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar
yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub
hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Bu baxımdan Azərbaycan Ordusu üçün Cəbrayıl uğrunda döyüşlər çox strateji
əhəmiyyət kəsb etmişdir.
Azərbaycan
dövləti Cəbrayıl rayonunda da çox böyük abadlıq və quruculuq işlərinə başlayıb.
Cəbrayılda yeni-yeni yaşayış massivləri, sənaye obyektləri, ictimai iaşə
mərkəzləri tikilir, küçələr çəkilir, kommunikasiyalar bərpa edilir. Cəbrayıl
rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən
Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin
layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə
4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin
layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina,
klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti
binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana
müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd
uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I
Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin
sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin
layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Və bütün bunlar da Azərbaycan
dövlətinin öz gücü, öz iqtisadi gəlirləri hesabına edilir. Azərbaycan dövləti heç bir dövlətdən bunun
üçün yardım almır. Erməni vandalizmə məruz qalmış bütün rayonlarımızda, o
cümlədən Cəbrayılda da bu işlər həyata keçirilir. Prezident İlham Əliyevin
Cəbrayıl rayonuna səfərləri yeni-yeni açılışlar və təməlqoymalarla yadda qalır.
Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev bura ilk
dəfə 2020-ci ilin noyabrın 16-da səfər edib. Bundan sonra da dəfələrlə
dövlətimizin başçısının bu rayona səfəri olub. Yeri gəlmişkən, Prezident İlham
Əliyev oktyabrın 3-də Cəbrayıla rayonuna növbəti səfər edib. Səfər müddətində
cənab Prezident Cəbrayıl rayonunda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə
tanış olub, eləcə də məktəb, fabrik və digər müəssisələrin açılışında və
təməlqoyma mərasimində iştirak edib.
Çox qürurlu
haldır ki, artıq biz işğaldan azad olunan rayonların şəhər günlərini də qeyd
edirik. Gördüyümüz kimi, Azərbaycanın tarixi qələbə günləri əbədiləşdirilir.
Bununla bağlı Prezident İlham Əliyevin sərəncamlar verməsi bunun bariz
nümunəsidir. Artıq ötən ildən başlayaraq 4 oktyabr Cəbrayıl şəhəri günü kimi
qeyd olunur. Bu da bütün dünya azərbaycanlıları, əlbəttə ki, ən əsası da
cəbrayıllılar üçün böyük bir sevincdir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent