Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat
fondu şöbəsinin müdiri Həsən Əsgərov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, mərhum ötən gün 75
yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış alim H.Əsgərov 9 dekabr 1949-cu ildə
Bakı şəhərində anadan olub. O, 1972-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan
Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi
altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb.
Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin
inkişafına mühüm töhfələr verib. Onun elmi araşdırmaları və əsərləri təkcə Azərbaycan
elmi ictimaiyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib.
Onun patent işi sahəsindəki tədqiqatları və innovativ
yanaşmaları Azərbaycanın elmi və texniki irsinin zənginləşməsinə, həmçinin bu
sahədə ölkənin beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərib.
Alimin uzun illər ərzində elmi fəaliyyətindəki uğurları və
yetişdirdiyi gənc alimlər yeni nəsillərin inkişafına əvəzsiz dəstək olublar.
Onun elmi rəhbərliyi və fədakarlığı ilə yetişən alimlər bu gün də Azərbaycan
elmini yeni zirvələrə yüksəltməkdə davam edirlər.
Həsən Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci
ildə imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif edilib.