Bakıda təhsil müəssisələri və orada təhsil alanların sayı
artdıqca, tıxac problemi daha da aktuallaşır.
Maraqlıdır, məktəblərdə, ali təhsil müəssisələrində dərslərin
başlama saatı dəyişdirilə bilərmi?
Bununla bağlı təhsil məsələləri
üzrə ekspert Kamran Əsədov bildirdi ki, xüsusilə məktəb və universitetlərin
açılması paytaxtın nəqliyyat infrastrukturuna ciddi təsir göstərir.
Onun sözlərinə görə, statistik göstəricilər də sözügedən vəziyyəti daha aydın şəkildə təsvir edir:
“Belə ki, paytaxtda 320-dən çox orta məktəb və 40-a yaxın
ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin
mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib.
Digər tərəfdən, Bakı şəhərində orta təhsil alan şagirdlərin sayı təxminən 500
mindən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı isə 150
mindən artıqdır.Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi
avtomobillə məktəbə aparır. Bu da tıxac probleminin dərinləşməsinə səbəb olur”.
Ekspert qeyd etdi ki, səhər saatlarında məktəblər
və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır:
“Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20
Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla
tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə
üst-üstə düşdüyü üçün səhər saatlarında tıxac pik vəziyyətdə olur. Problemin həlli
istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli
vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir”.