ABŞ-də növbəti Prezident seçkilərinə iki ildən bir qədər artıq vaxt qalmasına baxmayaraq, siyasi mühit artıq indidən qızışmağa başlayıb. Seçki yarışına qoşulacağını bəyan edənlər arasında isə ən çox diqqət çəkən fiqur Ağ Evin rəhbəri Donald Trampdır.
Son zamanlar daha böyük fallıq nümayiş etdirən Tramp, ABŞ tarixində dördüncü dəfə namizəd olmaq niyyətini dilə gətirib. Lakin ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq Prezident seçilməsini qəti şəkildə qadağan edir.
Siyasi kulislərdə iddia olunur ki, Trampın bu istəyini gerçəkləşdirmək üçün dolaşıq bir hüquqi mexanizm mövcuddur. Ssenariyə əsasən:
Növbəti seçkilərdə Respublikaçılar partiyasından başqa bir namizəd Prezident və vitse-prezident seçilir.
Tramp isə partiyasının Konqresdə çoxluq qazanması ilə Nümayəndələr Palatasının sədri (spiker) postuna gətirilir.
Daha sonra Prezident və vitse-prezident ardıcıl olaraq istefa verir və konstitusiya ardıcıllığına əsasən, spiker kimi Tramp dövlət başçısı səlahiyyətlərini icra etməyə başlayır.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev bildirib ki, sözügedən ssenari nəzəri baxımdan mümkün görünsə də, real həyatda icrası imkansızdır:
“Amerika siyasi sistemində indiyə qədər belə bir presedent baş verməyib. Bu, ancaq həmin şəxsin dövlət üçün müstəsna xidmətləri olduqda və cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyi halda baş verə bilərdi. Lakin rəy sorğuları gösterir ki, Trampın cəmiyyətdəki reytinqi bu səviyyəyə yaxın bile deyil. Bu da fərqli yollarla dördüncü dəfə namizəd olmaq və ya üçüncü müddətə hakimiyyətdə qalmaq planlarını tamamilə iflasa uğradır”.
Ekspert vurğulayıb ki, bu ssenarinin reallaşması üçün ilk növbədə Trampın komandası aralıq seçkilərində Konqres və Senatda mütləq çoxluq əldə etməlidir.
E.Mustafayev Trampın özünün də bu planın reallaşacağına inanmadığını qeyd edib:
“Amerika cəmiyyəti bir nəfərə görə belə bir addıma getməz. Vaxtilə Teodor Ruzveltin 4 müddət seçilməsinə yalnız Dünya Müharibəsi şəraitində məcburən göz yumulmuşdu. İndiki halda yalnız böyük bir hərbi vəziyyət yaranarsa, seçkilər təxirə salına və Prezidentin səlahiyyət müddəti uzadıla bilər. Mövcud şəraitdə isə bu mümkün deyil. ABŞ cəmiyyəti nəinki buna hazır deyil, ümumiyyətlə belə bir yanaşmanı qəbul etmək istəmir”.