Şuşadan yüksələn həqiqət səsi- Azərbaycan Prezidenti hansı mühüm mesajları verdi?

Şuşadan yüksələn həqiqət səsi- Azərbaycan Prezidenti hansı mühüm mesajları verdi?
12:01

Xəbər verdiyimiz kimi “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu bu gün öz işinə başlayıb. Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndələri, ekspertləri və rəsmi şəxslər iştirak edir.

Bu fakt isə onu göstərir ki, Şuşa Qlobal Media Forumu artıq dünya mediası üçün müzakirə və dialoq üçün ən yaxşı platformadır. Məhz bu səbəbdən hər forumda iştirakçıların sayı artır. Eyni zamanda, Foruma Beynəlxalq maraq ilbəil artır.

Bu maraq nəyin göstəricisidir?

Tarix göstərir ki, həqiqət uğrunda mübarizə heç vaxt yalnız döyüş meydanlarında aparılmayıb. Bəzən bir qələm silahdan, bir söz ordudan, bir həqiqət isə minlərlə yalandan daha güclü olub. XXI əsrdə bu mübarizə daha çox informasiya məkanında gedir. Dövlətlərin taleyinə, xalqların gələcəyinə və beynəlxalq münasibətlərin xarakterinə təsir edən əsas amillərdən biri artıq informasiyadır. Məhz buna görə də medianın üzərinə düşən məsuliyyət heç vaxt bugünkü qədər böyük olmayıb.

Belə bir dövrdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyil. Bu forum həqiqətin müdafiəsinə, obyektiv jurnalistikanın təşviqinə və media vasitəsilə etimadın bərpasına çağırışdır. Təsadüfi deyil ki, tədbirin əsas mövzusu "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" kimi müəyyənləşdirilib. Çünki müasir dünyada sülh təkcə siyasi razılaşmalarla deyil, həm də doğru informasiya və qarşılıqlı etimadla möhkəmlənə bilər.

Şuşanın bu forum üçün seçilməsi xüsusi rəmzi məna daşıyır. Bir vaxtlar dağıntılar içərisində qalan bu şəhər bu gün beynəlxalq fikir mübadiləsinin, mədəniyyətin və qlobal dialoqun mərkəzinə çevrilib. Bu dəyişiklik təkcə şəhərin simasının yenilənməsi deyil, həm də Azərbaycanın sülhə, quruculuğa və əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Şuşa artıq keçmişin ağrılarını deyil, gələcəyin ümidlərini dünyaya çatdırır.

İnformasiya müharibələrinin sərhəd tanımadığı bir zamanda media yalnız hadisələri işıqlandıran vasitə ola bilməz. O, həm də həqiqəti müdafiə etməli, cəmiyyətləri manipulyasiyalardan qorumalı, yalanın qarşısında peşəkarlıq və vicdan nümayiş etdirməlidir. Təəssüf ki, son illərdə saxta xəbərlər, rəqəmsal manipulyasiyalar və məqsədli informasiya kampaniyaları beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Belə şəraitdə jurnalistikanın əsas missiyası sensasiya yaratmaq deyil, həqiqəti araşdırmaq və onu cəmiyyətə dürüst şəkildə çatdırmaqdır.

IV Şuşa Qlobal Media Forumu məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin eyni masa arxasında toplaşması, qlobal problemləri müzakirə etməsi və birgə həll yolları axtarması göstərir ki, media rəqabət yox, əməkdaşlıq vasitəsinə çevrilə bilər. Həqiqətin müdafiəsi milli sərhədlərlə məhdudlaşmır; bu, bütün bəşəriyyət üçün ortaq məsuliyyətdir.

Azərbaycan üçün isə bu forumun əlavə siyasi və mənəvi əhəmiyyəti var. Uzun illər ölkəmiz informasiya müharibələrinin, qərəzli yanaşmaların və ikili standartların hədəfi olub. Buna baxmayaraq, Azərbaycan öz mövqeyini faktlara, beynəlxalq hüquqa və açıq dialoqa əsaslanaraq müdafiə etməyə çalışıb. Bu gün Şuşada keçirilən beynəlxalq forum ölkəmizin artıq hadisələrin izləyicisi deyil, qlobal informasiya gündəliyinin formalaşmasına töhfə verən fəal iştirakçılarından biri olduğunu göstərir.

Forumu əlamətdar edən faktorlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və forum iştirakçıları ilə açıq dialoqudur.

Ənənəvi olaraq hər forumda çıxış edən Prezident İlham Əliyev təkcə jurnalistlərin suallarını cavablandırmır, həm də regional və Beynəlxalq əhəmiyyətli tezislər irəli sürür.

Və bu dəfə də belə oldu.

Azərbaycan lideri bu dəfəki çıxışında həm regional, həm də Beynəlxalq aləm üçün aktual məsələlərə toxunub və ölkəmizin həmin problemlərə yanaşmasını bəyan edib.

Məlumdur ki, Avropanın bəzi dövlətləri və qurumları Azərbaycana qarşı hər zaman qərəzli mövqedən çıxış edib. Və qərəz bu gün də davam edir. Bu isə Qərbin bəyan etdiyi ieallarla daban-dabana ziddir.

Artıq neçə ildir ki, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın səsvermə hüququ dondurulub. Halbuki bunu üçün heç bir hüquqi əsas yoxdur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu məsələyə toxunub.

O, bildirib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir:

“Avropa Şurasının Parlament Assablemsiyasına vaxtı ilə başqa bir mənzərə vardı. Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər".

Bununla da Prezident İlham Əliyev təkcə AŞPA-nın ikili siyasətini ifşa eləmədi. həm də AŞPA kimi qurumların bəzi qlobal güclərin əlində siyasi dəyənək olduğunu açıq şəkildə ortaya qoydu.

Ən əsası Azərbaycanın belə bir “siyasi dəyənək”dən çəkinmədiyini deyən ölkə başçısı artıq dövlətimizin bu cür qurumlarla əməkdaşlıqda maraqlı olmadığını bəyan etdi.

Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi paya malikdir. Bu gün Avropanın 15-ə yaxın ölkəsi bu və digər şəkildə Azərbaycanın karbohidrogen ehtiyatlarından asılıdır. Lakin Azərbaycan AŞPA-dan  fərqli olaraq bu asılılığı siyasi dəyənəyə çevirmək barədə düşünmür.

Bununla paralel Azərbaycan Prezidenti regionda və Beynəlxalq aləmdə davam edən münaqişələrdən narahatlığını da dilə gətirib. Xüsusilə 4 ildən artıq davam edən Ukrayna-Rusiya münaqişəsi barədə danışan ölkə başçısı bəyan edib ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyün dəstəkləyib. Və sülhün Ukraynanın ərazi bütövlüyü çərçivəsində əldə olunmasını bildirib.

Prezident İlham Əliyev Forumda bir daha bəyan edib ki, biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilmişdir:

“Təəssüf ki, bu gün biz o qədər də böyük həmrəylik (İslam həmrəyliyi - red) görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir”

Bununla paralel əksər İslam dövlətləri ilə, xüsusilə də Türkiyə ilə Azərbaycanın yüksək səviyyədə münasibətlərin olduğunu bildirib:

“Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.

Dövlətimizin başçısı ABŞ-Azərbaycan münasibətlərinə də toxunub.

Bəyan edib ki,  Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var:

“Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının o vaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi”.

Forumda çıxışı zaman Prezident İlham Əliyevin bir bəyanı isə hər birimizdə qürur və fəxarət hisləri oyatdı.

O, bəyan etdi ki, Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni orta səviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür:

“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”.

Bu isə IV Şuşa Qlobal Media Forumunda səslənən ən dəyərli və mühüm bir bəyanat idi.

Ümumiyyətlə, Azərbaycan Liderinin Şuşadan səsləndirdiyi fikirlər təkcə Azərbaycana aid deyil. Bu fikirlər regional və Beynəlxalq münasibətlərə yeni yanaşma formuludur.

Həmçinin bu bəyanatlar həqiqətin təhrif olunmasına etiraz edən, peşəkar jurnalistikanın nüfuzunu qorumağa çalışan bütün media nümayəndələrinə ünvanlanan çağrıdır. Çünki dünyanın gələcəyi yalnız iqtisadi və hərbi güclə deyil, informasiya məkanında dürüstlük, məsuliyyət və etimadın qorunması ilə də müəyyən olunacaq.

IV Şuşa Qlobal Media Forumu bir daha sübut edir ki, həqiqətin ünvanı dəyişmir. O, harada səslənməsindən asılı olmayaraq öz yolunu tapır. Bu gün isə həmin həqiqətin səsi Qarabağın incisi Şuşadan dünyaya yayılır və beynəlxalq ictimaiyyəti daha məsuliyyətli, daha obyektiv və daha vicdanlı media naminə birgə fəaliyyətə səsləyir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada