Uzun ömür sürmək hər kəsin arzusu olsa da, əsas məsələ həmin illəri necə və hansı keyfiyyətdə yaşamaqdır. İllərin sayı deyil, o illərin sağlamlıq və rahatlıqla dolu olması əsl uzunömürlülük göstəricisidir.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov sağlam yaşlanmanın əsas prinsiplərini və orqanizmi gənc saxlamağın sirlərini paylaşıb.
"Hər şey genetikadır" deyib arxayınlaşmayın!
Mütəxəssis genetik faktorların önəmini inkar etməsə də, onların həlledici olmadığını diqqətə çatdırıb:
"İnsanın sağlamlığının və uzunömürlülüyünün cəmi 20-25 faizi genetika ilə bağlıdır. Qalan böyük hissə — 75-80 faiz isə bilavasitə həyat tərzimizdən asılıdır. Ona görə də problemləri yalnız irsi amillərlə əlaqələndirmək doğru deyil."
Bioloji yaşlanmanı sürətləndirən 4 əsas düşmən:
Xroniki stress və psixoloji gərginlik: Ailədaxili konflikter və uzunmüddətli gərginlik hüceyrə səviyyəsində qocalmanı kəskin sürətləndirir.
DNT zədələnmələri və xroniki iltihab: Orqanizmdə gedən gizli iltihabi proseslər toxumaları vaxtından əvvəl köhnəldir.
Pozulmuş bağırsaq mikroflorası: İmmunitetin və həzm sisteminin mərkəzi olan bağırsaqların sağlığı birbaşa ömür uzunluğuna təsir edir.
Yuxusuzluq: Bədənin bərpa mexanizmini sıradan çıxarır.
Aralıq dənizi modeli və yuxunun həyati rolu
Emin Məmmədov sağlam uzunömürlülük üçün qidalanma və rejim vərdişlərinə xüsusi diqqət çəkib. Həkimin sözlərinə görə, Aralıq dənizi tipli qidalanma — yəni dəniz məhsulları, zeytun yağı, qoz-fındıq, təzə meyvə və tərəvəzlərdən bol istifadə etmək bədənin cavanlığını qoruyur.
Bununla belə, ekspert təməl şərtin yuxu olduğunu xatırladıb:
"Kifayət qədər və keyfiyyətli yuxu olmadıqda orqanizmin bərpa prosesləri tamamilə dayanır. Yuxunuz düzgün deyilsə, dünyanın ən sağlam qidalarını qəbul etsəniz də, bunun heç bir əhəmiyyəti olmayacaq."