Şuşa – informasiya diplomatiyasının yeni mərkəzi

Şuşa – informasiya diplomatiyasının yeni mərkəzi
15:30

Müasir beynəlxalq münasibətlərdə informasiya uğrunda mübarizə artıq hərbi, iqtisadi və diplomatik rəqabətin ayrılmaz hissəsinə çevrilib. Belə bir dövrdə Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə jurnalistlərin görüşü deyil, həm də qlobal informasiya təhlükəsizliyi, media diplomatiyası və beynəlxalq etimadın bərpasına həsr olunmuş mühüm siyasi platforma kimi qiymətləndirilə bilər.

Şuşa – informasiya diplomatiyasının yeni mərkəzi

2026-cı il iyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forumda 53-dən çox ölkədən təxminən 160 media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox nüfuzlu media qurumu təmsil olunub.

Bu fakt göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media və siyasi dialoqun mühüm məkanlarından birinə çevrilir.

Forumun siyasi mesajları

Forumun əsas siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan informasiya siyasətində müdafiə mövqeyindən çıxaraq təşəbbüs göstərən dövlət kimi çıxış edir. Uzun illər Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq mediada Azərbaycana qarşı formalaşdırılan birtərəfli yanaşmalar fonunda belə platformaların keçirilməsi ölkənin öz həqiqətlərini birbaşa beynəlxalq auditoriyaya çatdırmaq imkanlarını genişləndirir.

Forumun mövzusu da təsadüfi seçilməyib. Müasir dövrdə dezinformasiya, saxta xəbərlər, süni intellekt vasitəsilə manipulyasiya və informasiya müharibələri dövlətlərin milli təhlükəsizliyinə ciddi təsir göstərən amillərə çevrilib. Bu baxımdan, "həqiqətin bərpası" və "etimadın yenidən qurulması" ideyaları qlobal siyasi gündəmin mühüm elementləridir.

İlham Əliyevin çıxışının siyasi mahiyyəti

Forum çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması Azərbaycanın açıq dialoqa hazır olduğunu nümayiş etdirdi. Bu format Azərbaycanın xarici siyasət prioritetlərinin, regional proseslərə baxışının və Qarabağda aparılan bərpa-quruculuq işlərinin birbaşa beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Media diplomatiyası Azərbaycanın "yumşaq gücü"nə çevrilir

Son illərdə Azərbaycan COP29, Türk Dövlətləri Təşkilatı tədbirləri və beynəlxalq forumlarla yanaşı, Şuşa Qlobal Media Forumunu da özünün "yumşaq güc" alətlərindən birinə çevirib.

Bu forum vasitəsilə verilən mesajlar:

-         Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyi güclənir;

-         xarici jurnalistlər Qarabağdakı reallıqları yerində müşahidə edirlər;

-         dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq genişlənir;

-         Azərbaycanın regional lider kimi imici möhkəmlənir.

IV Şuşa Qlobal Media Forumu artıq adi media tədbiri deyil. Bu platforma Azərbaycanın informasiya diplomatiyasının mühüm sütunlarından birinə çevrilib. Forum göstərdi ki, XXI əsrdə həqiqət uğrunda mübarizə yalnız döyüş meydanında deyil, informasiya məkanında da aparılır. Şuşadan verilən mesaj isə aydındır: sülhün möhkəmlənməsi, beynəlxalq etimadın bərpası və dezinformasiyaya qarşı mübarizə yalnız açıq dialoq və məsuliyyətli media vasitəsilə mümkündür. Bu baxımdan, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə və ölkənin qlobal informasiya siyasətində rolunun artmasına xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada