28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
AKİ-dən verilən məlumata görə, iclasın yekununda bir sıra qərarlar qəbul edilib.
"Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.
İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.
İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabbarovun istefa ərizələrinə baxıldı və ərizələr İdarə Heyəti tərəfindən qəbul edildi.
İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.
İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır, - məlumatda deyilir.