Azərbaycana səfər edən əcnəbilərin sayında azalma turizm sektorunda qiymətlərin və xidmətlərin yenidən müzakirəyə çıxarılmasına səbəb olub. Ekspertlər hesab edir ki, turist sayındakı geriləmənin yalnız bir səbəbi yoxdur. Qiymətlərin yüksəlməsi, xidmətlərin gözləntiləri tam qarşılamaması və regionda alternativ turizm istiqamətlərinin artması əsas amillər sırasında göstərilir.
Tanınmış iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, xüsusilə qonşu ölkələrdən və Körfəz regionundan Azərbaycana gələn turistlərin sayında azalma qiymət amili ilə sıx bağlıdır.
Ekspert bildirib ki, son illərdə Azərbaycanda otel, restoran və digər turizm xidmətlərinin qiymətləri əhəmiyyətli dərəcədə yüksəlib. Nəticədə ölkə bəzi turistlər üçün əvvəlki kimi münasib istirahət məkanı hesab olunmur.
“Azərbaycanda otelçilik, iaşə və turizm xidmətlərinin qiymətləri son illər həddindən artıq bahalaşıb və bir çox qonşu ölkələrin vətəndaşları üçün ölkəmiz artıq büdcəli istirahət məkanı olmaqdan çıxıb. Xüsusilə Körfəz ölkələrindən gələnlərin azalması qiymət siyasəti və alternativ istiqamətlərin daha əlçatan olması ilə birbaşa bağlıdır”, – deyə Ə.Həsənov qeyd edib.
İqtisadçı Rusiya vətəndaşlarının Azərbaycana gələn əcnəbilər arasında ən böyük paya sahib olmasını da bir sıra amillərlə izah edib.
Onun sözlərinə görə, iki ölkə arasında quru sərhədinin sərnişin daşımaları üçün bağlı qalmasına baxmayaraq, Rusiya ilə Azərbaycan arasında hava əlaqələrinin intensiv olması turist axınının qorunub saxlanılmasına imkan verir. Bundan əlavə, tarixi və humanitar əlaqələr, biznes münasibətləri və vizasız gediş-gəliş də bu istiqamətdə mühüm rol oynayır.
“Rusiyadan gələnlərin hamısını yalnız turist kimi qiymətləndirmək düzgün olmaz. Onların arasında Azərbaycandan tranzit kimi istifadə edən, işgüzar məqsədlərlə səfər edən və qohumlarını ziyarət edən şəxslər də var”, – ekspert bildirib.
Ə.Həsənov hesab edir ki, turist sayındakı azalmanın qarşısını almaq üçün turizm sektorunda həm qiymət, həm də xidmət siyasətinə yenidən baxılmalıdır.
Ekspertin fikrincə, dövlət qurumları və turizm şirkətləri daha münasib qiymət təklifləri hazırlamalı, xidmət səviyyəsini yüksəltməli və yeni turist bazarlarına çıxış üçün daha effektiv reklam və marketinq kampaniyaları həyata keçirməlidirlər.
Onun sözlərinə görə, Azərbaycana turist cəlb etmək üçün yalnız mövcud bazarlara güvənmək kifayət deyil. Yeni istiqamətlərdən turist axınının artırılması və ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi turizm sektorunun əsas prioritetlərindən biri olmalıdır.