Belçika ABŞ-nin Brüsseldəki səfiri Bill Uaytı ölkənin səhiyyə naziri Frank Vandenbruk haqqında sosial şəbəkədə paylaşdığı yazıya görə ikinci dəfə Xarici İşlər Nazirliyinə çağıracaq.
News365.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ səfiri Uayt Belçikada alkoqol istehsalçılarına reklamlarında “Həddindən artıq alkoqol sağlamlığa zərər verir” ifadəsi əvəzinə “Alkoqol sağlamlığa zərər verir” yazmaq tələbinin tətbiqindən sonra yaranan müzakirələrə qoşulub.
Sözügedən tələbi irəli sürən Belçikanın səhiyyə naziri Vandenbrukun süni intellektlə hazırlanmış fotosunu paylaşan Uayt nazirə müraciətlə “Həyatdakı bütün sevinci məhv edir” və “Belçikada ən böyük uğursuz kimdir?” ifadələrini işlədib.
Belçikanın rəsmi Belqa agentliyinin məlumatına görə, ölkənin xarici işlər naziri Maksim Prevo Uaytın paylaşımını “qəbuledilməz” adlandırıb. O bildirib ki, ABŞ səfiri yaxın günlərdə nazirliyə çağırılacaq.
Belçikada hakim koalisiyanın tərəfdaşlarından olan Flamand Vooruit Partiyasının lideri Konner Russo da Uaytın paylaşımına münasibət bildirib. O deyib: “Bill gülməli adam ola bilər. Lakin səhiyyə xidmətləri barədə heç nə bilmir. O, sadəcə atası Donald Trampın dediklərini təkrarlayır. Onlar yalnız pulla maraqlanırlar, sağlamlığımızla deyil”.
Uayt daha əvvəl də yəhudi sünnətçilərlə bağlı məhkəmə işi ilə əlaqədar Belçika rəsmiləri ilə mübahisə etmiş, Vandenbruk haqqında “kobud” ifadəsini işlətmiş və buna görə Xarici İşlər Nazirliyinə çağırılmışdı.