Türkiyədə “Manifest” adı ilə tanınan musiqi qrupu ilə bağlı başladılan istintaq genişləndirilir. Araşdırma çərçivəsində qrupun qurucusu və meneceri Tolqa Akış saxlanılıb.
News365.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan araşdırmada Akışın əxlaqsızlıq, narkotik vasitələrdən istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittihamlar üzrə gözaltına alındığı bildirilib.
İstintaqın yalnız qrup üzvlərinin fəaliyyəti ilə məhdudlaşmadığı, maliyyə hərəkətləri, gəlirlərin bölüşdürülməsi, menecment əlaqələri və qrupun gənclər üzərində təsiri də daxil olmaqla bir sıra məsələlərin araşdırıldığı qeyd olunur.
Məlumatlara görə, istintaqda qrupun fəaliyyətinə mümkün xarici dəstək və xüsusilə azyaşlılara təsir yarada biləcək məzmunlarla bağlı iddiaların da diqqət mərkəzində olduğu bildirilir. Bununla belə, bu iddiaların hüquqi baxımdan təsdiqlənməsi üçün istintaqın nəticələri gözlənilməlidir.
Mütəxəssislər hesab edirlər ki, araşdırma dərinləşdikcə iş üzrə yeni şəxslərin və maliyyə əlaqələrinin gündəmə gəlməsi mümkündür.
Hazırda Tolqa Akışla bağlı proses davam edir. Onun hüquqi statusu və ittihamların məhkəmə tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi isə sonrakı mərhələlərdə müəyyənləşəcək.