İsrail ilə Türkiyə arasında son dövrlərdə daha çox siyasi-diplomatik müstəvidə müşahidə olunan gərginlik yeni mərhələyə keçib. İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərqində yerləşən “Əbu-əl-Duhur” hərbi aviabazasına zərbəsindən sonra Ankara ilə Təl-Əviv arasında hərbi eskalasiya riski də gündəmə gəlib.
Politoloq News365.az-a açıqlamasında bildirib ki, İsrail-Türkiyə gərginliyinin kökləri 2010-cu ildə baş verən “Mavi Mərmərə” hadisəsinə gedib çıxır. Onun sözlərinə görə, son 16 il ərzində ayrı-ayrı yumşalma cəhdlərinə baxmayaraq, iki ölkə arasında münasibətlərdə gərginlik artan xətt üzrə davam edib.

Politoloq qeyd edib ki, Türkiyə və İsrailin Suriyada fərqli təhlükəsizlik maraqları var:
“Türkiyə Suriya hökuməti ilə hərbi əməkdaşlığını və bu ölkədəki təsirini artırmaq niyyətindədir. İsrail isə Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsindən və bunun daimi xarakter alaraq gələcəkdə Təl-Əviv üçün təhlükə yarada biləcəyindən narahatdır”.
Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu da Türkiyənin Suriyadakı hərbi mövcudluğuna qarşı olduqlarını açıq şəkildə bəyan edib.
Politoloq hesab edir ki, Türkiyənin İsrail üçün birbaşa təhdid olması barədə yanaşma doğru deyil:
“Ankaranın əsas reaksiyası Təl-Əvivin işğalçı və aqressiv genişlənmə siyasətinə yönəlib. Bundan başqa, mülki şəxslərin öldürülməsi və müharibə cinayətləri ilə bağlı məsələlər də Türkiyənin İsrailə qarşı narazılığını artırır”.
Ekspert İsrail Hərbi Hava Qüvvələrinin İdlibdəki “Əbu-əl-Duhur” aviabazasına zərbəsini də Ankara ilə münasibətlər kontekstində qiymətləndirib:
“Bu addım açıq şəkildə Ankaraya meydan oxumaq kimi qiymətləndirilə bilər”.
Politoloq düşünür ki, nə Türkiyə, nə də İsrail birbaşa müharibədə maraqlıdır:
“Belə bir qarşıdurmanın həm hər iki ölkə, həm də bütün region üçün çox ağır nəticələri ola bilər. Ona görə də hazırda ən məntiqli yol danışıqların aparılması və hərbi toqquşmanın qarşısını ala biləcək əlaqə kanallarının yaradılmasıdır”.
Politoloqun sözlərinə görə, Türkiyə-İsrail gərginliyinin daha da dərinləşməsini Azərbaycan da istəmir:
“İsrail Azərbaycanın strateji tərəfdaşı, Türkiyə isə müttəfiqidir. Bakı illərdir belə bir seçim qarşısında qalmamaq üçün diplomatik fəaliyyətini davam etdirir”.
Ekspert istisna etmir ki, Azərbaycan daha əvvəl olduğu kimi, İsrail və Türkiyə arasında pərdəarxası diplomatik təmasların qurulmasına vasitəçilik edə bilər.
“Bakı daha əvvəl İsrail və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən diplomatik təşəbbüslərlə çıxış edib. Hətta Suriya-İsrail danışıqlarının da Azərbaycanın vasitəçiliyi ilə baş tutduğu hallar olub. Bu baxımdan, vəziyyətin daha da pisləşməsi ehtimalını nəzərə alsaq, Bakı yenidən tərəfləri bir araya gətirməyə və uzlaşdırmağa cəhd göstərə bilər”.
Politoloq əlavə edib ki, məsələ ABŞ üçün də ciddi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, həm Türkiyə, həm də İsrail Vaşinqtonun Yaxın Şərqdəki mühüm tərəfdaşlarıdır.
“ABŞ-ın siyasi iradəsi və Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında rəsmi və ya pərdəarxası danışıqlar keçirilə bilər. Bu, gərginliyi tam aradan qaldırmasa da, ən azı həlli mümkün olan bir sıra məsələlər üzrə problemlərin yumşaldılmasına və yeni qarşıdurmaların qarşısının alınmasına kömək edə bilər”, – deyə politoloq vurğulayıb.