"Suda boğulmaların 95 faizi nəzarətsiz ərazilərdə baş verir"- Ekspert xəbərdarlıq etdi

"Suda boğulmaların 95 faizi nəzarətsiz ərazilərdə baş verir"- Ekspert xəbərdarlıq etdi
13:56

Yay mövsümündə dəniz və digər su hövzələrində baş verən boğulma hadisələrinin sayı artır. Mütəxəssislər bildirirlər ki, bu cür faciələrin böyük əksəriyyəti sadə təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verir. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev vətəndaşları yalnız rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməyə və əsas təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

News365.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərliyə gedərkən təhlükəsizlik məsələsinə planlı və məsuliyyətli yanaşmaq vacibdir.

"Çimərliyə gedərkən ilk növbədə düzgün seçim etmək lazımdır. Yalnız fəaliyyəti rəsmi şəkildə təsdiqlənmiş çimərliklərə üz tutmaq tövsiyə olunur. Fəaliyyətinə icazə verilməyən ərazilərdə çimmək təhlükəsizlik baxımından yolverilməzdir.

Bu, yalnız dəniz sahillərinə aid deyil. Xəzər dənizinin 825 kilometrlik sahil zolağının hamısı çimərlik hesab edilmir. Eyni zamanda çaylar, göllər, kanallar, su anbarları və digər su hövzələrinin də yalnız müəyyən hissələrində çimməyə icazə verilir. İnsanlar yalnız təhlükəsizliyi təmin olunan məkanlardan istifadə etməlidirlər.

Çimərlikdə təhlükəsiz istirahət üçün beş əsas qaydaya əməl olunmalıdır. Birincisi, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Küləyin sürəti saniyədə 10-12 metri keçdikdə suya girmək təhlükəlidir. İkincisi, müəyyən edilmiş üzmə sərhədlərini keçmək olmaz. Üçüncüsü, spirtli içkinin təsiri altında suya girmək qətiyyən yolverilməzdir. Dördüncüsü, yalnız xilasetmə xidməti fəaliyyət göstərən rəsmi çimərliklərdən istifadə edilməlidir. Beşincisi isə uşaqlar heç vaxt nəzarətsiz buraxılmamalıdır.

Dünya üzrə hər il təxminən 400 min insan suda boğularaq həyatını itirir. Bu hadisələrin 95 faizdən çoxu nəzarətsiz çimərliklərdə baş verir. Bundan əlavə, boğulmaların böyük hissəsi əlverişsiz hava şəraitində və ya təhlükəsizlik qaydalarının pozulması nəticəsində qeydə alınır.

Azərbaycanda da Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən nəzarət olunan çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir. Rəsmi statistikaya görə, həmin çimərliklərdə boğulma faktı qeydə alınmayıb. Bu da bir daha göstərir ki, xilasetmə xidməti olan və fəaliyyətinə icazə verilmiş çimərliklər vətəndaşlar üçün daha təhlükəsizdir", – deyə ekspert vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada