Cənubi Qafqazda siyasi proseslər və geosiyasi rəqabət davam edir. Xüsusilə Ermənistanda yaxın günlərdə keçiriləcək parlament seçkiləri fonunda regionda gərginliyin artacağı gözlənilir.
Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın əsas məqsədlərindən biri Ermənistanı öz təsir dairəsində saxlamaqdır.

"Ermənistan uzun illər ərzində siyasi, iqtisadi və hərbi sahələrdə Rusiyadan ciddi şəkildə asılı olub. Azərbaycanın ərazilərinin işğal altında olduğu dövrdə də Moskvanın İrəvana verdiyi dəstək bu münasibətlərin əsas göstəricilərindən biri idi", - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, hazırda Rusiya Ukraynadakı müharibə ilə məşğul olsa da, Cənubi Qafqazı diqqətdən kənarda qoymur:
"Rusiya bölgədə yaranmış yeni reallıqlara baxmayaraq, Ermənistanı itirmək niyyətində deyil. Ermənistan iqtisadiyyatının, nəqliyyat-kommunikasiya sisteminin və bir çox strateji sektorlarının böyük hissəsi hələ də Rusiya ilə bağlıdır. Bundan əlavə, ölkə ərazisində Rusiyanın hərbi bazasının yerləşməsi də Moskvanın təsir imkanlarını artıran amillərdəndir".
S.Kərimli vurğulayıb ki, Ermənistan son illərdə daha çox Qərbə və Avropa strukturlarına yaxınlaşmağa çalışsa da, eyni zamanda Rusiyanın rəhbərlik etdiyi iqtisadi birliklərdə qalmaqla iki istiqamətli siyasət yürüdür:
"İrəvan bir tərəfdən Qərblə inteqrasiyanı gücləndirməyə çalışır, digər tərəfdən isə Rusiyadan əldə etdiyi iqtisadi üstünlükləri itirmək istəmir".
Politoloq əlavə edib ki, Moskva müxtəlif vasitələrlə, o cümlədən ərzaq və enerji amillərindən istifadə etməklə Ermənistana təsir imkanlarını qorumağa çalışır:
"Bu, Rusiyanın regiondakı mövqelərini saxlamaq strategiyasının tərkib hissəsidir".