Marketlərdə qiymətlərin fotosunu çəkmək qadağandır? – Rəsmi cavab

Marketlərdə qiymətlərin fotosunu çəkmək qadağandır? – Rəsmi cavab
20 İyl 2026 12:11

Son günlər sosial şəbəkələrdə bəzi böyük supermarket zəncirlərində məhsulların və qiymət etiketlərinin fotosunun çəkilməsinə qoyulan qadağalar geniş müzakirələrə səbəb olub. Alıcılar tərəfindən narazılıqla qarşılanan bu addım qiymət şəffaflığı ilə bağlı şübhələri artırıb və süni qiymət artımı ehtimallarını gündəmə gətirib.

Bəs marketlərdə qiymətlərin fotosunu çəkmək həqiqətən də qadağandır? Qanunvericilik bu halı necə tənzimləyir?

News365.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, marketdə məhsulun və onun qiymət etiketinin fotosunu çəkmək qanunvericiliklə qadağan olunmur:

“Məsələyə hüquqi baxımdan yanaşsaq, 'İstehlakçıların hüquqlarının müdafiəsi haqqında' Qanuna görə, satıcı alıcıya qiymət haqqında dəqiq və açıq məlumat təqdim etməyə borcludur. Qiymət kağızları hər kəs üçün açıq olan ictimai informasiyadır. Digər tərəfdən, marketlər özəl mülkiyyət olduğu üçün daxili intizam qaydaları tətbiq edə bilər. Məsələn, xüsusi peşəkar çəkiliş avadanlıqlarından, tripodlardan istifadə etməklə və ya kommersiya məqsədli videoçəkiliş aparmaq məhdudlaşdırıla bilər. Mağaza personalı çəkilişin dayandırılmasını tələb etdikdə münaqişədən qaçmaq üçün buna əməl etmək məqsədəuyğundur, lakin bu tələb çəkilişin hüquqi müstəvidə qanunsuz olması demək deyil”.

Hüquqşünas həmçinin vurğulayıb ki, çəkiliş apararkən digər şəxslərin məxfilik hüquqlarına diqqət yetirilməlidir:

“Çəkiliş prosesində başqa alıcıların, işçilərin üzlərinin, yaxud şəxsi və bank kartı məlumatlarının görüntülənməsi onların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən yalnız məhsulun və qiymət etiketinin fotosunu çəkmək ən düzgün yoldur. Əgər kassadakı qiymətlə vitrindəki qiymət üst-üstə düşmürsə, yaxud endirimlə bağlı aldadıcı hal varsa, çəkilən fotoşəkil və kassa çeki rəsmi şikayət zamanı tutarlı sübut kimi təqdim oluna bilər. Qanuna əsasən, məhsulun üzərindəki qiymət alıcıya doğru çatdırılmalıdır. Bir sözlə, məhsulun və qiymətin fotosunu çəkmək qanuna zidd deyil və istehlakçı hüquqlarının qorunmasında hüquqi sübut vasitəsidir”.


Sizin reklam burada
Sizin reklam burada