Qlobal siyasətdə yeni dünya nizamının formalaşması prosesi sürətlənir və bu prosesdə geosiyasi qütbləşmə daha da dərinləşir.
Bu fikirləri politoloq Taleh Əliyev News365.az-a açıqlamasında səsləndirib.
"7 oktyabr terror hadisəsindən sonra Yaxın Şərqdə qarşıdurma daha mürəkkəb mərhələyə keçib. Paralel olaraq qlobal səviyyədə yeni dünya nizamı formalaşır və bu prosesdə əsas geosiyasi qütblər artıq müəyyənləşib. Bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Çin Xalq Respublikası və onunla birgə hərəkət edən dövlətlər dayanır. Bu blokda ilk növbədə Rusiya, İran və Şimali Koreya yer alırdı. Venesuela isə əvvəlki təsir gücünü böyük ölçüdə itirib", – deyə politoloq bildirib.

Onun sözlərinə görə, ABŞ-ın əsas strateji məqsədlərindən biri Çinin qlobal təsir imkanlarını məhdudlaşdırmaqdır və bunun üçün əvvəlcə Pekinin əsas tərəfdaşlarının zəiflədilməsi hədəflənir.
"Çinin yeni dünya düzənində ABŞ və müttəfiqlərinin formalaşdırmağa çalışdığı sistemə qarşı əsas qüvvə kimi çıxış etməsinin qarşısını almaq məqsədilə ilk növbədə Rusiya və İranın zəiflədilməsi, başqa sözlə, ram edilməsi strategiyası həyata keçirilir", – deyə T.Əliyev vurğulayıb.
Politoloq hesab edir ki, son dövrlərdə Səudiyyə Ərəbistanı ilə bağlı verilən mesajlar da bu geosiyasi proseslərin tərkib hissəsidir.
"Mən hesab edirəm ki, Səudiyyə Ərəbistanı ilə bağlı verilən son mesajların arxasında da bu strateji yanaşma dayanır. İranda faktiki hakimiyyətə ciddi təsir göstərən SEPAH müharibənin İran dövlətinə, İslam Respublikasına və onun ideoloji dəyərlərinə qarşı aparıldığını ön plana çıxarmağa çalışır. Bununla həm hərbi əməliyyatların davam etdirilməsinə haqq qazandırılır, həm də cəmiyyətlə hakimiyyət arasında yaranan gərginliyin dərinləşməsinin qarşısını almaq məqsədi güdülür", – deyə o bildirib.
T.Əliyevin fikrincə, ABŞ-ın regiondakı siyasəti İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib və bu siyasət Yaxın Şərqdə qüvvələr balansına birbaşa təsir göstərir.
"ABŞ uzun illərdir İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışır. Bu siyasət regiondakı geosiyasi balansın əsas elementlərindən biri olaraq qalır", – deyə politoloq əlavə edib.