Binəqədi qəsəbəsində, 182 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən Şəhidlər Parkının baxımsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.
Sakinlər News365.az-a bildirir ki, əvvəllər parkda təmizlik və abadlıq işləri ilə məşğul olan əməkdaşlar fəaliyyət göstərsə də, sonradan onlar başqa əraziyə – Zabitlər Parkına göndərilib. Bundan sonra isə parkda daimi xidmət göstərən işçi qalmayıb.
İddia olunur ki, nəticədə parkın vəziyyəti gündən-günə pisləşir. Ərazidə nə təmizlik işləri aparılır, nə də yaşıllığa və ümumi abadlığa nəzarət edilir.
Sakinlər aidiyyəti qurumlardan məsələyə operativ müdaxilə etməyi, parkda mütəmadi təmizlik və qulluq işlərinin bərpa olunmasını xahiş edirlər.