ABŞ ilə Səudiyyə Ərəbistanı arasında mülki nüvə proqramı ilə bağlı mümkün əməkdaşlıq yenidən gündəmə gəlib. Məsələni şərh edən politoloq Natiq Miri bildirib ki, hazırda konkret razılaşma layihəsindən söhbət getməsə də, bu barədə məlumatın məhz indi ictimailəşdirilməsi təsadüfi deyil.
Politoloq bu barədə News365.az-a açıqlamasında deyib ki, məlumatın CNN tərəfindən yayılması ABŞ administrasiyasının məqsədli addımı kimi qiymətləndirilə bilər.

"Əslində belə bir məsələ gündəmdə var. Ancaq konkret razılaşma layihəsindən hələlik söhbət getmir. Məhz bu mərhələdə belə bir informasiyanın CNN tərəfindən ötürülməsi, əlbəttə ki, ABŞ administrasiyası tərəfindən bilərəkdən ortaya atılıb. Çünki bu xəbərin yayılması ilə eyni gündə İranda tikintisi hələ tam başa çatmamış Darkovin Atom Elektrik Stansiyası ABŞ tərəfindən hədəfə alındı. Beynəlxalq Atom Enerjisi Agentliyi də bəyan etdi ki, hər hansı nüvə sızması baş verməyib. Çünki həmin obyekt hələ tikinti mərhələsindədir", – deyə o bildirib.
N.Mirinin sözlərinə görə, diqqət çəkən əsas məqam ABŞ ilə Səudiyyə Ərəbistanı arasında gələcəkdə imzalana biləcək mümkün sazişdə əlavə protokolla bağlı tələblərin olmamasıdır.
"Bu layihənin ən maraqlı tərəfi onun xüsusi protokolla əlaqədar hissəsidir. Əgər hər hansı dövlət mülki nüvə enerjisindən istifadə edir və nüvə zənginləşdirilməsi fəaliyyəti həyata keçirirsə, mütləq əlavə protokol imzalanmalıdır. Bu, müəyyən beynəlxalq zəmanətlərin verilməsi deməkdir. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi həmin ölkədə mütəmadi monitorinq, müşahidə və nəzarət həyata keçirməlidir. Necə ki, uzun illər İranda bu mexanizm tətbiq olunub", – deyə politoloq vurğulayıb.
Politoloq hesab edir ki, ABŞ administrasiyasının Səudiyyə Ərəbistanından belə bir əlavə protokolun imzalanmasını tələb etməməsi gələcək üçün ciddi suallar yaradır.
"Ancaq qeyd olunur ki, guya ABŞ administrasiyası Səudiyyə Ərəbistanından belə bir protokolun imzalanmasını tələb etmir. Bu isə o deməkdir ki, perspektivdə nüvə zənginləşdirmə imkanlarını genişləndirən Səudiyyə Ərəbistanı üçün gələcəkdə nüvə silahı əldə etmək istiqamətində qapılar açıq saxlanılır", – deyə Natiq Miri əlavə edib.