Bakının etirazı nəticə verdi: İsrail qondarma qərardan geri çəkildi

Bakının etirazı nəticə verdi: İsrail qondarma qərardan geri çəkildi
10:20

İsrail "erməni soyqırımı" qərarını dondurdu – Bakının sərt diplomatik gedişi və pərdəarxası məqamlar

İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.

Xatırladaq ki, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi tanınması məsələsini gündəmə gətirmişdi. Təl-Əvivin bu addımı birbaşa Türkiyəyə qarşı yönəlsə də, rəsmi Bakının kəskin etirazı ilə qarşılaşdı. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, bu cür addımlar regionda barışığa xidmət etmir, əksinə, ziddiyyətləri dərinləşdirir və sülh səylərinə mane olur. Bakı İsrail tərəfini bu qərara yenidən baxmağa çağırdı.

Eyni zamanda, gərginlik fonunda rəsmi Bakının İsraildəki səfirini geri çağırması ilə bağlı məlumatlar yayıldı. İddialara görə, Azərbaycan tərəfi bu addımı məhz sözügedən qərara etiraz olaraq atıb.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycan 2010-cu ildə baş vermiş “Mavi Mərmərə” hadisələrindən bəri İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün fəal vasitəçilik edir:

"Hətta ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıda bəyanatla çıxış edərkən Prezident İlham Əliyevin həm ABŞ, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideri olduğunu vurğulamışdı. Lakin Ankara ilə Təl-Əviv arasında gərginliyi aradan qaldırmaq getdikcə çətinləşir. Tərəflərin qərarları mütləq şəkildə Bakıya da təsir edir. Məsələn, Türkiyənin İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinə öz hava məkanını bağlaması səbəbindən o, Bakıdakı COP29 tədbirinə gələ bilmədi. İsrailin "erməni soyqırımı" təşəbbüsü də eyni şəkildə Bakı-İrəvan sülh prosesinə zərbə vurmaq mahiyyəti daşıyırdı".

Ekspert qeyd edib ki, Bakı strateji tərəfdaşlarının siyasi həmlələrinə praqmatik diplomatik gedişlərlə cavab verir:

"Təl-Əviv üçün Bakı sadəcə strateji tərəfdaş deyil, həm də türk-islam coğrafiyasında legitimlik qazanmağın mühüm qapısıdır. Digər tərəfdən, İsrail İranla rəqabət fonunda Azərbaycan kimi mühüm tərəfdaşı itirməyi gözə ala bilməz. Azərbaycan İran-İsrail gərginliyində tərəf olmasa da, hər zaman dialoq üçün açıq qapıdır. İranın Azərbaycanla sərt ritorika ilə danışdığı dövrlərdə Bakının Tehrana tutarlı cavab verməsi və İsrailin yanında görünməsi, əslində eyni ssenarinin İsraillə münasibətlərdə də təkrarlana biləcəyinə dair bir mesaj idi. Bakı son situasiyada İsrailə rəsmi etiraz etməklə prosesdən narahatlığını və müttəfiqi Türkiyəni dəstəklədiyini göstərdi".

Turan Rzayevin sözlərinə görə, Azərbaycan bundan sonra da regional münasibətlərdə balanslaşdırıcı rolunu qoruyacaq, lakin heç bir halda milli maraqlarına uyğun gəlməyən proseslərin birbaşa tərəfi olmayacaq.


Sizin reklam burada
Sizin reklam burada