Fransada isti hava şəraiti və uzunmüddətli quraqlıq səbəbindən meşə yanğınları təhlükəsi daha da artıb. Ölkənin 27 departamentində "yüksək" meşə yanğını riski elan olunub.
News365.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq Pays de la Loire bölgəsinin bütün departamentlərini, həmçinin Jirond, Yuxarı Qaronna, Od, Ero, Qar, Buş-dü-Ron, Voklüz, Drom, Var və Yuxarı Korsika departamentlərini əhatə edir.
Bununla yanaşı, Fransanın cənubundakı altı departamentdə narıncı səviyyəli isti hava xəbərdarlığı qüvvədə qalır.
Var departamentinin Tarado qəsəbəsində bazar günü başlayan güclü meşə yanğını təxminən 200 hektar ərazini külə çevirib. Yanğın qonşu Le Arks-sür-Arjan kommunasında 10-a yaxın yaşayış evinə də ziyan vurub.
Hadisə ilə əlaqədar 150 nəfər təxliyə olunub, 20 nəfər isə Le Arksdakı Helen Vidal məktəbində müvəqqəti sığınacaqla təmin edilib.
Le Arks şəhərinin meri Marsel Florent yanğının "od topu kimi" yayıldığını bildirib. Yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən cəlb olunub.
Səlahiyyətli qurumlar bildiriblər ki, bazar günü axşam saatlarınadək alov tam nəzarət altına alınmasa da, hava şəraitinin yaxşılaşması yanğınsöndürmə işlərini asanlaşdırıb. Yanğınsöndürənlər 60-dan çox yaşayış evini alovdan qorumağa nail olublar.
Meşə yanğınları bölgədə dəmir yolu nəqliyyatının fəaliyyətinə də təsir göstərərək reyslərin ləğvinə və gecikmələrə səbəb olub.
Luara-Atlantik departamentinin Triqnak şəhərində baş verən digər yanğın nəticəsində azı dörd ev yanıb, 21,7 hektar ərazi külə dönüb. Təhlükəsizlik məqsədilə 92 ev boşaldılıb. Yanğın 250 yanğınsöndürən və 80 texnikanın iştirakı ilə nəzarət altına alınıb, 60 sakin isə müvəqqəti qəbul mərkəzində yerləşdirilib.
Yuxarı Korsikada isə təxminən bir həftə əvvəl ildırım nəticəsində Albertas və Korte yaxınlığında başlayan iki meşə yanğını indiyədək 400 hektara yaxın ərazini məhv edib. Dağlıq relyef yanğının söndürülməsini çətinləşdirir.
Fransanın meteorologiya xidməti Météo-France çərşənbə axşamı vəziyyətin daha da ağırlaşacağını, cənub-şərqdə mistral küləklərinin güclənməsi ilə bir sıra departamentlərdə meşə yanğınları riskinin "çox yüksək" səviyyəyə yüksələcəyini açıqlayıb.