Rusiyanın Azərbaycana məxsus obyektlərə zərbələri ikitərəfli münasibətlərdə yeni gərginlik yarada bilər.
Bu fikri politoloq İlqar Vəlizadə News365.az-a açıqlamasında səsləndirib.
"Rusiya tərəfi bildirə bilər ki, zərbələr diplomatik nümayəndəliyimizə və ya səfirliyimizə deyil, digər obyektlərə endirilib. Ancaq fakt ondan ibarətdir ki, Azərbaycana məxsus iqtisadi obyektlər, xüsusilə SOCAR-ın yanacaqdoldurma məntəqələri mütəmadi olaraq atəşə tutulur. Hətta bəzi yanacaqdoldurma məntəqələri bir neçə dəfə zərbəyə məruz qalıb və dəymiş zərər göz qabağındadır", – deyə politoloq bildirib.

İ.Vəlizadənin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması fonunda belə hadisələrin davam etməsi Moskvanın maraqlarına uyğun deyil.
"Rusiya-Azərbaycan münasibətlərinin formal olaraq normallaşdığı bir dövrdə bu cür addımların Rusiyaya nə dərəcədə fayda verəcəyi və bunun münasibətlərin yenidən pisləşməsinə gətirib çıxarıb-çıxarmayacağı sualına məhz Rusiya tərəfi cavab verməlidir", – deyə o vurğulayıb.
Politoloq qeyd edib ki, Moskvanın regionda etibarlı tərəfdaşlarının sayı məhduddur və Azərbaycan bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Rusiyanın təkcə bizim regionda deyil, ümumilikdə dünyada etibarlı tərəfdaşlarının sayı o qədər də çox deyil. Cənubi Qafqazda isə vəziyyət daha fərqlidir. Gürcüstan və Ermənistanla münasibətlərin fonunda Azərbaycan Moskva üçün mühüm tərəfdaş olaraq qalır. Əgər Rusiya Azərbaycanla münasibətlərə və bu münasibətlərdən irəli gələn maraqlarına dəyər verirsə, bu məsələləri mütləq nəzərə almalıdır", – deyə İ.Vəlizadə bildirib.
Politoloq hesab edir ki, zərbələrin davam etməsi ikitərəfli münasibətlərin yenidən pisləşməsinə səbəb ola bilər.
"Əgər bu tendensiya davam edərsə, Azərbaycan-Rusiya münasibətləri yenidən pisləşəcək. Belə olan halda isə həmin münasibətlərin əvvəlki səviyyədə bərpası heç də asan olmayacaq", – deyə İlqar Vəlizadə əlavə edib.