Tanınmış telejurnalist Zamirə Dadaşova bildirir ki, mağazadan ümumi dəyəri 2300 manat olan divar kağızları alıb. Məhsulların bir hissəsini mayın 22-də, digər hissəsini isə iyulun 3-də nağd ödənişlə əldə etsə də, ona yalnız qaimə təqdim olunub, rəsmi kassa çeki verilməyib.
Şikayətçinin sözlərinə görə, satıcı Rasif ona divar kağızlarının xarici istehsal olduğunu, endirimlə satıldığını və keyfiyyətinə tam zəmanət verildiyini bildirib. Lakin sonradan xarici istehsal adı ilə satılan məhsullardan birinin yerli istehsal olduğu müəyyən edilib. Həmin divar kağızı vurulduqdan sonra divarlarda qaralma və rəng dəyişiklikləri yaranıb.
Məsələ ilə bağlı mağazaya müraciət edən vətəndaşa əvvəlcə problemin keçici olduğu bildirilib. Daha sonra mağazanın göndərdiyi mütəxəssis divarlarda problem olmadığını, qüsurun divar kağızından qaynaqlandığını deyib. Şikayətçinin iddiasına görə, bundan sonra mağaza rəhbərliyi zərərin qarşılanacağını və problemli divar kağızlarının öz ustaları tərəfindən yenisi ilə əvəz ediləcəyini vəd edib. Onun sözlərinə görə, bu barədə səsli mesajlar və digər sübutlar da mövcuddur.
Lakin hadisələrin sonrakı inkişafı vətəndaşın narazılığına səbəb olub.
İddia olunur ki, 16 iyul 2026-cı il tarixində mağazanın göndərdiyi ustalar mənzilə gələrək əvvəl vurulmuş divar kağızlarını söküblər. Söküntü başa çatdıqdan sonra isə yeni divar kağızı vurulmayacağını bildirərək evi tərk ediblər.
Vətəndaş baş verənləri belə qiymətləndirir:
"Mənim evimə girib mənim əmlakıma zərər vurub heç nə olmamış kimi çıxıb gediblər. Əgər divar kağızını dəyişməyəcəkdinizsə, mənim pul verib aldığım məhsulu hansı əsasla söküb yararsız vəziyyətə salmısınız?"
Şikayətçinin sözlərinə görə, özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs etirazlara cavab olaraq "Gedin kimə istəyirsiniz şikayət edin" ifadəsini işlədib və mənzili tərk edib.
Vətəndaş hesab edir ki, mağaza:
Şikayətçi bildirib ki, artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova, həmçinin Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.
O, dəymiş maddi ziyanın ödənilməsini, mağazanın fəaliyyətinin araşdırılmasını və istehlakçı hüquqlarının pozulmasına hüquqi qiymət verilməsini istəyir.
Vətəndaşın sözlərinə görə, hadisəni təsdiqləyən video və səs yazıları mövcuddur və zərurət yaranacağı təqdirdə aidiyyəti qurumlara təqdim ediləcək.
Qeyd edək ki, İtaliano Parati" mağazası barəsində səsləndirilən iddialara münasibət bildirib.
Mağazanın açıqlamasında qeyd olunub ki, müştərinin aldığı "Mister Dekor" markalı divar kağızı Azərbaycan istehsalıdır və bu barədə alış zamanı ətraflı məlumat verilib. Bildirilib ki, məhsulun keyfiyyəti ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb.
Şirkətin iddiasına görə, mənzildə aparılan baxış zamanı divar kağızlarında yaranan ləkələrin səbəbinin məhsulun keyfiyyəti deyil, divarların tam qurudulmaması, kifayət qədər havalandırmanın təmin edilməməsi və tətbiq texnologiyasına düzgün əməl olunmaması olduğu müəyyən edilib. Bu qənaəti "Mister Dekor" MMC-nin mütəxəssislərinin də təsdiqlədiyi vurğulanıb.
Açıqlamada həmçinin bildirilib ki, istifadə olunmamış divar kağızlarını geri qəbul etməyə hazır olduqları barədə müştəriyə məlumat verilib. Şirkət yayılan iddiaların həqiqətə uyğun olmadığını qeyd edərək, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görəcəyini və zərurət yaranacağı təqdirdə məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Bundan əlavə, "İtaliano Parati" mübahisə predmetinə çevrilən divar kağızlarının istənilən müstəqil mütəxəssis tərəfindən ekspertizadan keçirilməsinə hazır olduqlarını bəyan edib.