Macarıstanın Baş naziri Peter Madyar ölkə prezidenti postuna dünya şöhrətli şahmatçı Yudit Polqarı namizəd göstərəcəyini açıqlayıb.
News365.az xəbər verir ki, bu barədə Peter Madyar sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dövlət başçısının əsas vəzifəsi bütün macar xalqına xidmət etmək və ölkəni layiqincə təmsil etməkdir.
"Prezidentin vəzifəsi xidmət etmək və təmsil etməkdir. Həm hər bir macar vətəndaşını, həm də bütün Macarıstanı. Bu gün nüfuzlu macar ictimai xadimləri tərəfindən prezidentliyə tövsiyə olunan Yudit Polqar məhz belə bir insandır. Buna görə də sabah onunla görüşəcəyəm və yeni Konstitusiya qəbul edilənədək ölkəmizə bu vəzifədə xidmət etməyə hazır olub-olmadığını soruşacağam", – deyə Madyar qeyd edib.
Qeyd edək ki, Yudit Polqar dünya şahmat tarixinin ən güclü qadın şahmatçılarından biri hesab olunur. O, uzun illər qadınlar arasında dünya reytinqinə başçılıq edib və karyerası ərzində bir sıra dünya çempionlarını məğlub etməyi bacarıb.