ABŞ Prezidenti Donald Tramp Qəzzanın bərpası və idarə olunması üçün beynəlxalq "Sülh Şurası" yaratmaq təşəbbüsü ilə çıxış edib. Yeni platformanın yaradılması qlobal idarəetmə sistemində ciddi müzakirələrə səbəb olub.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Trampın bu addımı Birləşmiş Millətlər Təşkilatının (BMT) mövcud strukturuna alternativ yaratmaq və ya onu demontaj etmək cəhdi kimi qiymətləndirilə bilər.

Tramp yeni qurumda təmsil olunmaq üçün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də daxil olmaqla bir çox ölkə rəhbərlərinə rəsmi dəvət ünvanlayıb. Macarıstan, Vyetnam, Avstraliya, Kanada, Yunanıstan, Misir, İordaniya, Pakistan, Paraqvay, Argentina və Albaniya artıq təşəbbüsə müsbət cavab veriblər. Türkiyə liderinə isə komitənin təsisçi üzvü olmaq təklif edilib.
Şuraya üzvlük üçün əsas şərt kimi 1 milyard dollar məbləğində ianənin ödənilməsi müəyyən olunub. Qəzzanın yenidən qurulmasına yönəldiləcək bu vəsaiti ödənilməsi üçün ölkələrə 3 illik möhlət tanınır.
Politoloq qeyd edib ki, 1945-ci ildən bəri fəaliyyət göstərən BMT Təhlükəsizlik Şurasının veto mexanizmi səbəbindən fəaliyyətsiz qalması və qlobal böhranların həllində acizliyi bu cür alternativ platformaların yaranmasına zəmin hazırlayır.
Turan Rzayevin sözlərinə görə, Trampın siyasi xəttində çoxtərəfli beynəlxalq institutlar ABŞ-ın manevr imkanlarını məhdudlaşdıran amil kimi görülür. Vaşinqton BMT-nin maliyyə yükünün böyük hissəsini çəkdiyi üçün qərarverici mexanizmlərdə də daha çox söz sahibi olmaq istəyir. Ekspert hesab edir ki, "Sülh Şurası" BMT-ni tamamilə əvəz etməkdən ziyadə, onu demontaj etmək və Ağ Evin BMT daxilindəki mövqelərini gücləndirmək üçün hesablanmış strateji gedişdir.