Mübahisə zamanı tez-tez səsini qaldıran insanlarla ünsiyyət qurmaq yorucu ola bilər. Psixoloq Deyv Kandiff bildirir ki, belə vəziyyətlərdə dərhal aksiya göstərməkdənsə, əvvəlcə qarşı tərəfin bu davranışının arxasında duran əsl səbəbi anlamaq lazımdır.
News365.az "ofeminin.pl" saytına istinadən xəbər verir ki, mütəxəssis yüksək səslə danışan şəxslərlə düzgün ünsiyyət qurmağın yollarını açıqlayıb.
Yüksək səs tonu həmişə aqressiya göstəricisi deyil
Yüksək səslə danışmaq hər zaman qəzəb və ya düşmənçilik əlaməti sayılmır. Bəzi insanlar yalnız diqqəti özlərinə cəlb etmək və ya dinlənilmədiklərini düşündükləri üçün səs turlarını qaldırırlar. Digər tərəfdən, güclü stres və ya uşaqlıqdan ailədə formalaşmış vərdişlər də bu cür ünsiyyət tərzinə səbəb ola bilər.
Buna görə də insana dərhal mənfi mühakimə ilə yanaşmaq əvəzinə, onun davranışlarını müşahidə etmək vacibdir.
Emosiyalar coşduqda şəxsi sərhədlərinizi qoruyun
Söhbət artıq qışqırığa keçibsə, məntiqi arqumentlərlə qarşı tərəfi inandırmağa çalışmaq nəticə verməyəcək. Emosiyaların pik həddində beyin informasiyanı sağlam təhlil edə bilmir. Belə hallarda mübahisəni davam etdirmək əvəzinə öz sərhədlərinizi aydın şəkildə bildirmək lazımdır:
"Səni dinləmək istəyirəm, amma mənə qışqırmadığın təqdirdə."
"Gəlin, hər ikimiz sakitləşdikdən sonra danışaq."
"Bu mövzuya bir qədər sonra qayıdarıq."
Aktiv dinləmə gərginliyi azaldır
Diqqətdən kənarda qaldığını hiss edən şəxs daha da bərk danışmağa başlayır. Qarşı tərəfə onu diqqətlə dinlədiyinizi göstərmək (göz təması saxlamaq, sözünü kəsməmək, dediklərini qısaca ümumiləşdirmək) gərginliyi nəzərəçarpan dərəcədə aşağı salır. Dinləmək qarşı tərəflə razılaşmaq demək deyil, sadəcə söhbətə ciddi yanaşdığınızın göstəricisidir.
Qarşı tərəfi ittiham etmək əvəzinə öz hisslərinizi ifadə edin
Yüksək tonla danışmaq bəzən sadəcə ailədən gələn bir vərdiş olur. Əgər səbəbin bu olduğunu düşünürsünüzsə, bunu mübahisə anında deyil, emosiyalar sakitləşəndən sonra müzakirə edin. Qarşı tərəfi mühakimə etmək əvəzinə, öz hisslərinizi bölüşün:
"Səsini qaldıranda dediklərinə diqqət yetirmək mənim üçün çətinləşir."
"Hər ikimiz daha sakit tonda danışsaq, ünsiyyətimiz daha rahat alınar."
Mütəxəssis xatırladır ki, çətin söhbətlərdə ən yaxşı üsul tələsməmək və cavab verməzdən əvvəl bir qədər pauza götürməkdir.