Cəbrayılda "tut bağı" qalmaqalı böyüyür- VİDEOLAR + YENİ

Cəbrayılda "tut bağı" qalmaqalı böyüyür- VİDEOLAR +  YENİ
17 İyl 2026 21:08

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dövlət tərəfindən salınmış tut bağının məhv edilməsi faktı ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxıb. Belə ki, qeyd olunan əraziyə Bakı şəhərindən növbəti monitorinq qrupunun ezam olunduğu və yoxlama prosesinə başlanıldığı bildirilir.

Lakin son məlumatlara görə, Cəbrayıl rayonu üzrə 12 saylı ekologiya idarəsindən nəzarət  fəaliyyətini həyata keçirən yerli qurumlar ərazidə tut tinglərinin məhv edilməsi və torpaq qatının şumlanması faktını təkzib etməyə cəhd göstərirlər. Bu iddiaların elmi və faktiki əsassızlığını sübut edən yeni vizual materiallar (videofaktlar) redaksiyamıza daxil olub. Təqdim edilən yeni vizual sübutlar ərazidəki ekosistemin ciddi şəkildə deqradasiyaya uğradığını və aqrotexniki qaydaların kobud şəkildə pozulduğunu bir daha nümayiş etdirir.

Bakıdan ezam olunmuş komissiyanın rəyi və aparılacaq daxili təhqiqatın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində xoşagəlməz hadisə baş verib. Dövlət tərəfindən kəndin çıxacağında salınan tut bağı kənd sakinlərinin iddiasına görə, bəzi şəxslər tərəfindən özəl texnika ilə şumlanaraq məhv edilib.

Bu barədə News365.az-a kənd sakini Bədəlov Bədəl Bəhrəm oğlu məlumat verib və ərazidən videoşikayət hazırlayıb.

Sakin iddia edir ki,  həmin ağaclar dövlət tərəfindən xüsusi olaraq əkilib və məqsəd kənd əhalisinin bu bağdan baramaçılıq (ipək qurdu bəsləmək) üçün istifadə etməsi, əkib-becərməsi olub. Lakin məsul şəxslər əraziyə traktor salaraq dövlətin əkdiyi ağac sahəsini alt-üst ediblər.

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində tut tinglərinin məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı tut tinglərinin Cocuq Mərcanlı kənd sakini Elmir Məmmədov tərəfindən kökündən çıxarıldığı müəyyən olunub.

Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və  ona 2320 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

News365.az sözügedən görüntüləri təqdim edir:





Sizin reklam burada
Sizin reklam burada