Ukraynanın əsas hədəfi Rusiyanı danışıqlar masasına qaytarmaqdır

Ukraynanın əsas hədəfi Rusiyanı danışıqlar masasına qaytarmaqdır
20 İyl 2026 11:15

Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etməsində maraqlı olan qüvvələr mövcuddur. Bununla yanaşı, Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyi də artmaqda davam edir.

Bu fikirləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında səsləndirib.

"Bu savaşın davam etməsində maraqlı olan və Rusiyanın zəifləməsini istəyən, lakin onun tam məğlub olmasını arzulamayan müttəfiqlər də var. Digər tərəfdən, Ukraynaya göstərilən dəstək getdikcə artır. Avropa İttifaqı bir neçə gün əvvəl 90 milyard avroluq yardım paketi ayırdı. Bundan əlavə, NATO-nun Ankarada keçirilən sammitində qəbul edilən qərara əsasən, 2026–2027-ci illərdə Ukraynaya ümumilikdə 140 milyard dollar həcmində yardım ayrılması nəzərdə tutulur", – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq hərbi istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb və bu istiqamətdə Avropa ölkələri ilə birgə layihələr həyata keçirilir.

"Ukrayna müharibənin ilk dövrü ilə müqayisədə hərbi istehsal sahəsində ciddi irəliləyiş əldə edib. Hazırda silah və sursat tələbatının 60 faizdən çoxunu özü təmin edir. Eyni zamanda Böyük Britaniya, Almaniya və digər Avropa ölkələri ilə birgə istehsal müəssisələri yaradılır. Avropa cəmiyyətlərində Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu qənaəti gücləndiyi üçün bu dəstəklə bağlı əvvəlki tərəddüdlər də arxa plana keçir", – deyə O.Qasımov vurğulayıb.

Politoloq hesab edir ki, Ukraynanın əsas məqsədi Rusiyanı yenidən danışıqlar masasına qaytarmaq və onu konstruktiv mövqe tutmağa məcbur etməkdir.

"Ukraynanın əsas hədəfi Rusiyanı danışıqlar masasına qaytarmaq və onu konstruktiv mövqe nümayiş etdirməyə vadar etməkdir. Ancaq yaxın perspektivdə Vladimir Putinin belə bir addım atacağını gözləmirəm", – deyə o bildirib.

O.Qasımov qeyd edib ki, Rusiyanın son açıqlamalarında danışıqlara müəyyən şərtlərlə açıq ola biləcəyinə dair mesajlar da yer alır.

"Təxminən üç gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması diqqət çəkirdi. Həmin açıqlamada sanki Vaşinqtona mesaj verilirdi ki, əgər onları qane edəcək təklif olarsa, bunu müzakirə etməyə hazırdırlar. Lakin söhbət Rusiyanın şərtlərinə uyğun təklifdən gedir", – deyə politoloq əlavə edib.



Sizin reklam burada
Sizin reklam burada