"Rusizm" siyasəti davam etdikcə, etimad mühiti formalaşmayacaq – Natiq Miri

"Rusizm" siyasəti davam etdikcə, etimad mühiti formalaşmayacaq – Natiq Miri
11:46

Politoloq Natiq Miri hesab edir ki, Rusiya Federasiyası "rusizm" adlandırılan geosiyasi yanaşmasından əl çəkmədikcə, onunla normal və etibarlı münasibətlər qurmaq mümkün deyil.

News365.az-a açıqlamasında ekspert bildirib ki, bu yanaşma, əslində, Moskvanın özünü region ölkələrinin fövqündə görməsi ilə bağlıdır:

“Rusiyanın yürütdüyü bu siyasət açıq şəkildə göstərir ki, Kreml digər dövlətləri öz orbitində saxlamalı olduğu subyektlər kimi görür. Yəni bərabərhüquqlu münasibətlər anlayışı Rusiyanın siyasi leksikonunda yoxdur və bu, real siyasətdə də özünü göstərir.”

Natiq Mirinin sözlərinə görə, Azərbaycanla 2022-ci ildə imzalanmış müttəfiqlik sazişinə baxmayaraq, Rusiya tərəfindən Azərbaycanın mülki təyyarəsinin vurulması ciddi bir presedent idi və bunun ardınca nə rəsmi üzr istənildi, nə də kompensasiya ödənildi:

“Bu, sıradan bir hadisə deyildi. Ciddi cinayət faktıdır və beynəlxalq hüquq baxımından cavabdehlik tələb edirdi. Lakin nə Rusiya dövləti, nə də hadisədə məsuliyyət daşıyan şəxslər bu günə qədər cəzalandırılıb.”

Politoloq qeyd edir ki, bütün bu nüanslar Kremlin “bərabər tərəfdaşlıq” ifadəsinin sadəcə protokol ritorikası olduğunu sübut edir. Onun fikrincə, Rusiya regionda etibarlı tərəfdaş deyil və bu səbəbdən münasibətlərin dərinləşməsi üçün real zəmin yoxdur:

“Əməli fəaliyyət və kağız üzərində yazılan prinsiplər fərqli olduqda, qarşılıqlı etimad mühiti yaranmır. Ona görə də Rusiya ilə səmimi, uzunmüddətli və bərabərhüquqlu əməkdaşlıq arzusunun reallaşması bu siyasət davam etdikcə mümkün olmayacaq.”


Sizin reklam burada
Sizin reklam burada