Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmilərinin istehsalını qurmaq qərarı Rusiyaya qarşı qeyri-dost addımdır.
News365.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov deyib.
“Qardaş kimi görünən bir respublikanın nəinki rus dilindən, həm də kiril əlifbasından necə tez bir zamanda imtina etdiyini görməməyə çalışırıq. Həmçinin, Ukraynanı dəstəkləmək üçün necə “yurdlar” qurduqlarını. İndi isə onlar NATO sursat standartlarına keçirlər və açıq şəkildə gələcəkdə Rusiya silahlarından imtina etmək, onları Qərb silahları ilə əvəz etmək niyyətindədirlər”, - o bildirib.
Juravlyov xatırladıb ki, 1992-ci ildə Qazaxıstan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil edilib və 1994-cü ildə ölkə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” adlı çərçivə sazişi imzalayıb:
“Dərhal sual yaranır: NATO niyə Qazaxıstanla bu qədər maraqlanır? Bəlkə də Rusiya ilə həmsərhəd olduğuna görə və bu ölkə başqa bir rusofob forpostuna çevrilə bilər? NATO ilə bu əməkdaşlığın Kiyev üçün nə demək olduğunu hamımız bilirik”.
Qeyd eədk ki, Qazaxıstanın yüksək rütbəli hərbi rəsmisi RTVI televiziya kanalına verdiyi açıqlamada ölkə ordusunun döyüş hazırlığının hazırda Sovet dövründən qalan silah anbarlarından, eləcə də Rusiya təchizatından asılı olduğunu bildirmişdi. Qazaxıstan özünün sursat təchizatını təmin etmək üçün ASPAN milli layihəsinin bir hissəsi olaraq, təkcə Rusiya standartlarına deyil, həm də NATO standartlarına uyğun artilleriya sursatı və mina istehsal edəcək dörd hərbi zavod tikmək qərarına gəlib./Axar.az