Ermənistanın Avropa İttifaqından hibrid təhlükələrə qarşı maliyyə dəstəyi alması, ölkənin müstəqillik axtarışında atdığı addımlar kimi dəyərləndirilir. Lakin ekspertlər bildirirlər ki, İrəvanın Rusiyanın iqtisadi və strateji təsirindən tam çıxması praktiki olaraq mümkün görünmür. Ermənistanın daxili və xarici siyasətdə tam müstəqillik əldə etməsi üçün müxtəlif orbitlərdən çıxması vacib hesab olunsa da, bu, praktik baxımdan çətin görünür.
Bu fikirləri politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib.

Həsənbəyli qeyd edib ki, Ermənistanın Avropa İttifaqından hibrid təhlükələrə qarşı aldığı 15 milyon dollar maliyyə dəstəyi ölkənin Rusiya ilə ticarət dövriyyəsi ilə müqayisədə simvolik səviyyədədir. Belə ki, 2024-cü ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib.
Politoloq həmçinin Rusiya ilə iqtisadi və strateji bağlılıqları xatırladıb. Məsələn, 2002-ci ildə Ermənistanın Rusiyaya 96 milyon dollar borcu olub və ölkənin mühəndisləri Rusiyada fəaliyyət göstərmək üçün əməkdaşlığa cəlb edilib. Hazırda Ermənistanın 40-a yaxın şirkəti qazın alınması, satışı və infrastruktur layihələrində Rusiya kapitalı ilə işləyir. Dəmir yolu sahəsində isə 30 illik müqavilə qüvvədədir və yaxın onilliklər üçün əlavə müddətlərin artırılması mümkündür.
Bakir Həsənbəyli vurğulayıb ki, bütün bu faktlar nəzərə alındıqda Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və onu yalnız Avropa dəstəyinə bağlamaq absurd və praktik baxımdan mümkün olmayan məsələdir.