Dalana dirənən sülh danışıqları: Yeni müharibəyə aparan qısa fasilə?

Dalana dirənən sülh danışıqları: Yeni müharibəyə aparan qısa fasilə?
17:10

Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda sülh danışıqları beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. ABŞ-da Donald Trampın təşəbbüsü ilə irəli sürülən sülh planı ətrafında intensiv və gərgin müzakirələr aparılsa da, tərəflər hələlik yekun və ümumi razılığa gələ bilməyiblər. Mövcud mərhələdə danışıqların dalana dirənməsi həm geosiyasi ziddiyyətlər, həm də tərəflərin təhlükəsizliklə bağlı fundamental narahatlıqları ilə bağlıdır.

Təhlükəsizlik zəmanətləri və ərazi məsələsi - əsas düyün nöqtələri

Sülh prosesinin qarşısında duran əsas maneələrdən biri Ukraynanın və Avropanın gələcək təhlükəsizliyinə dair etibarlı zəmanətlərin olmamasıdır. Kiyev və ABŞ-ın avropalı müttəfiqləri hesab edirlər ki, möhkəm və hüquqi mexanizmlərlə təsbit olunmuş təhlükəsizlik təminatları olmadan əldə ediləcək hər hansı razılaşma müvəqqəti xarakter daşıyacaq və gələcəkdə yeni müharibə risklərini artıracaq.

Digər əsas problem Ukraynanın ərazi itkiləri məsələsidir. Bu məsələ həm Kiyev üçün siyasi cəhətdən qəbuledilməzdir, həm də Avropa üçün beynəlxalq hüquq və suverenlik prinsiplərinin pozulması kimi qiymətləndirilir. Məhz bu amil sülh planı ətrafında Avropa-ABŞ-Ukrayna xəttində ciddi fikir ayrılıqları yaradır.

Tramp faktoru: daxili ziddiyyətlər və xarici təzyiqlər

Donald Trampın müharibəni tez bir zamanda bitirmək istəyi realdır. Lakin onun sülh təşəbbüsü bir sıra daxili və xarici amillərlə üzləşir. İlk növbədə, Trampın öz komandasında Ukrayna məsələsinə vahid yanaşmanın olmaması prosesi zəiflədir. ABŞ daxilində müxtəlif siyasi və institusional mərkəzlər bu müharibəyə fərqli prizmalardan baxır və Trampın kompromisə yönəlik addımlarına müqavimət göstərirlər. Onu xüsusilə qeyd etmək olar ki, demokratlar və qlobalistlərin bu məsələdə mövqeyi fərqlidir. Bu qüvvələrin Tramp administrasiyasından fərqli olaraq Moskvaya qarşı daha sərt mövqedədirlər.

Digər tərəfdən, ABŞ-ın Avropalı müttəfiqləri də Vaşinqtona ciddi təzyiq edir. Onlar hesab edirlər ki, Rusiyaya qarşı güzəştlər Avropanın uzunmüddətli təhlükəsizliyini risk altına sala bilər. Yəni Moskva bundan faydalanaraq Avropaya qarşı revanşist siyasətini həyata keçirəcək. Ona görə də, avropalılar bu məsələdə ciddi təhlükəsizlik zəmantələrini israr edirlər. Bu isə Trampın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Kremlin mövqeyi: sülh istəyi və strateji ehtiyatlılıq

Müharibənin uzanması artıq Rusiyanın maraqlarına cavab vermir. Rusiya iqtisadiyyatının müharibə rejiminə uyğunlaşdırılmasına baxmayaraq, uzunmüddətli hərbi qarşıdurma ölkəni siyasi, iqtisadi və maliyyə baxımından ciddi risklərlə üz-üzə qoyur. Xüsusilə insan resurslarının səfərbərliyi sahəsində yaranan çətinliklər və demoqrafik itkilər gələcək üçün strateji təhlükə yaradır.

Bundan əlavə, müharibənin uzanması Rusiya cəmiyyətində sosial narazılıqları və daxili parçalanmanı dərinləşdirir. Bu amillər Putini və Kremli sülhə vadar edən amillərdəndir. Lakin Moskva da müharibənin bitməsi üçün Kiyev və Brüsseldən gələcəkdə yenidən hərbi qarşıdurmanın başlanmayacağına dair etibarlı və real zəmanətlər tələb edir. Bununla da bağlı Kreml öz təkliflərini Ağ Evə təqdim edib.

Müharibədən qazanan qüvvələr və sülhə əngəllər

Sülh prosesini çətinləşdirən əsas amillərdən biri də müharibədən siyasi, iqtisadi və hərbi baxımdan faydalanan daxili və xarici qüvvələrin mövcudluğudur. Bu qüvvələr münaqişənin davam etməsində maraqlıdır və sülh təşəbbüslərinə açıq və ya gizli şəkildə mane olurlar. Məhz bu səbəbdən irəli sürülən təkliflər hələlik bütün tərəfləri ortaq mövqeyə gətirməyə imkan vermir.

Avropanın mövqeyi: iqtisadi və siyasi yorğunluq

Avropa İttifaqı da müharibənin bitməsində maraqlıdır. Müharibənin uzanması Avropa iqtisadiyyatlarını zəiflədir, enerji və inflyasiya böhranlarını dərinləşdirir, eyni zamanda bir çox ölkədə daxili siyasi böhranlara yol açır. Buna baxmayaraq, Avropa üçün təhlükəsizlik və prinsipial məsələlər iqtisadi maraqlardan daha üstün mövqedə qalır.

Qlobal risklər və çıxış yolları

Müharibənin uzanması bütün tərəflər üçün ciddi nəticələr və hətta qlobal böhranlar doğura bilər. Tərəflərdən birinin hərbi yolla üstünlük əldə etməyə çalışması daha genişmiqyaslı münaqişəyə, hətta qlobal qarşıdurmaya yol aça bilər ki, bu da mövcud dünya təhlükəsizlik arxitekturasını ciddi şəkildə təhdid edər.

Çıxış yolu isə mərhələli, balanslı və qarşılıqlı təhlükəsizlik prinsiplərinə əsaslanan razılaşmadan keçir. Bu razılaşma nə tam kapitulyasiya, nə də birtərəfli üstünlük üzərində qurulmalıdır. Əks halda, sülh deyil, sadəcə növbəti müharibəyə aparan qısa fasilə əldə olunmuş olacaq.


Sizin reklam burada
Sizin reklam burada