Azərbaycan–Ermənistan sülh sazişi və Türkiyə–Ermənistan normallaşması yaxınlaşır

Azərbaycan–Ermənistan sülh sazişi və Türkiyə–Ermənistan normallaşması yaxınlaşır
15:50
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç olmadıqları qədər yaxındırlar. O, Azərbaycanla koordinasiyalı şəkildə Türkiyənin də Ermənistanla normallaşma prosesini davam etdirdiyini bildirib. “Növbəti ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atacağıq”.
Artıq heç kəsə sirr deyil ki, Türkiyə–Ermənistan münasibətlərinin normallaşması Azərbaycan–Ermənistan sülh sazişi ilə paralel və bir qədər də ondan asılı şəkildə irəliləyir. Bunun 2026-cı ildə də belə olacağı istisna deyil.
Ərdoğanın “simvolik addımlar” ifadəsi diplomatik münasibətlərin dərhal və tam bərpası deyil, uzun illər bağlı qalan kanalların mərhələli şəkildə açılması mənasına gəlir. Məsələn, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, xüsusi nümayəndələr formatının genişləndirilməsi, humanitar və mədəni təmasların artırılması, eləcə də sərhədlə bağlı texniki müzakirələrin intensivləşməsi bu “simvolik addımlar”ın tərkib hissəsi ola bilər.
2026-cı ildə isə prosesin praktiki mərhələyə keçməsi ehtimalı daha yüksək görünür. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və əsas prinsipial məsələlər – regional kommunikasiyaların açılması – hüquqi çərçivəyə salınsa, Türkiyə–Ermənistan xəttində də real dəyişikliklər baş verə bilər. Bu, quru sərhədinin müəyyən formatda açılması, ticarət və nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası, regional layihələrdə Ermənistanın iştirak imkanlarının yaranması ilə müşayiət olunar.
Ərdoğan burada bir məqamı da açıq şəkildə mesaj verir. Ankara prosesi təkbaşına deyil, Bakı ilə tam koordinasiya şəraitində aparacaq. Yəni Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanın maraqlarından kənar və ya onlara zidd formada baş tutmayacaq. Bu, həm İrəvana, həm də prosesi izləyən Qərb və Rusiya kimi aktorlara ünvanlanan strateji siqnaldır.



Politoloq Turan Rzayev

Sizin reklam burada
Sizin reklam burada