Rusiya və Ukrayna xəbərlərinə ehtiyatla yanaşmaq lazımdır

Rusiya və Ukrayna xəbərlərinə ehtiyatla yanaşmaq lazımdır
14:22

Ukrayna–Rusiya müharibəsində informasiya müharibəsinin real döyüşlərdən az əhəmiyyət daşımadığını bildirən ekspertlər, yayılan xəbərlərə ehtiyatla yanaşılmasının vacibliyini vurğulayırlar.

Mövcud vəziyyətlə bağlı dəyərləndirmə aparan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Kupyansk və Pakrovsk istiqamətində yayılan məlumatların böyük hissəsinin dezinformasiya xarakteri daşıdığını bildirib.


News365.az xəbər verir ki, ekspertin sözlərinə görə, müharibə şəraitində həm Rusiya, həm də Ukrayna tərəfi informasiya və dezinformasiya alətlərindən fəal şəkildə istifadə edir:

“İstənilən müharibədə informasiya və dezinformasiya çox mühüm rol oynayır. Biz bunu xüsusilə Rusiya tərəfinin yaydığı məlumatlarda açıq şəkildə görürük. Məsələn, Pakrovskla bağlı dəfələrlə ‘ələ keçirilib’ xəbərləri yayılıb, lakin artıq 18 aydır ki, şəhər tam nəzarətə götürülməyib. Bəzən Rusiya bayraqları ilə çəkilən fotolar paylaşılır, sonra isə məlum olur ki, həmin ərazilərdə ümumiyyətlə mövcud olmayıblar və geri çəkiliblər”.

İlham İsmayıl qeyd edib ki, Kupyanskla bağlı da oxşar vəziyyət müşahidə olunur. Onun sözlərinə görə, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Prezident Vladimir Putinə verdiyi hesabatlarda belə Kupyanskın tam ələ keçirildiyi təsdiqlənməyib:

“Əgər Kupyansk həqiqətən də Rusiya nəzarətində olsaydı, Ukrayna Prezidenti Volodimir Zelenski risk edib həmin əraziyə qədər getməzdi. Halbuki Rusiya mediası bunu ‘saxta görüntülər’ kimi təqdim etməyə çalışsa da, sonradan həmin görüntülərin real olduğu ortaya çıxdı”.

Ekspert vurğulayıb ki, Ukrayna tərəfi adətən hər hansı yaşayış məntəqəsi itirildikdə bunu rəsmi şəkildə açıqlayır. Kupyanskla bağlı isə indiyədək Ukrayna Müdafiə Nazirliyi tərəfindən belə bir məlumat verilməyib:

“Bu da onu göstərir ki, Kupyansk tam şəkildə Rusiyanın nəzarətində deyil. Bəzi kənd və kiçik yaşayış məntəqələri müvəqqəti olaraq ələ keçirilə bilər, lakin strateji əhəmiyyətə malik Kupyanskın alınması Rusiyanın danışıqlarda əlini gücləndirmək məqsədi daşıyır. Mesaj açıqdır: ‘Əgər razılaşma ilə verməsəniz, müharibə yolu ilə alacağıq’”.

İlham İsmayılın fikrincə, Kupyansk kimi şəhərlərin taleyi təkcə hərbi deyil, eyni zamanda siyasi və diplomatik baxımdan da böyük əhəmiyyət daşıyır. Bu səbəbdən yayılan məlumatların doğruluğu hər zaman rəsmi mənbələrlə dəqiqləşdirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada