Azərbaycan–Türkiyə Memorandumu: kollektiv müdafiə və təhlükəsizlik təminatı

Azərbaycan–Türkiyə Memorandumu: kollektiv müdafiə və təhlükəsizlik təminatı
13:38
Milli Məclisin Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya etdi.
Bu həm tarixi həm də stratejik bir addımdır. Belə ki, onsuzda iki ölkə arasında strateji müttəfiqlik var idi. Misalü çün Şuşa Bəyannaməsi ilə ortaya konkret bir siyasi iradə qoyulmuşdu. Memorandum isə mövcud olan strateji müttəfiqliyin praktiki icra mexanizmini müəyyənləşdirir. Yəni tərəflər artıq “bir-birinin yanındayıq” deməklə kifayətlənmir, bu dəstəyin hansı şərtlərdə, hansı formada və hansı hüquqi əsaslarla həyata keçiriləcəyini açıq şəkildə təsbit edirlər.

Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib.


Sənədə əsasən, tərəflərdən birinin silahlı təcavüzə məruz qalması halında digər tərəf fərdi və birgə özünümüdafiə hüququ çərçivəsində hərbi yardım göstərməyi öhdəsinə götürür. Bu addım açıq şəkildə çəkindirici məna daşıyır. Yəni Azərbaycan müharibə istəmir, lakin müharibə ehtimalının yaranmasına imkan vermək də istəmir. Türkiyə ilə hərbi təhlükəsizlik sahəsində bu qədər aydın və hüquqi əsaslı anlaşmanın mövcudluğu potensial risk mənbələrinə mesaj verir ki, istənilən təzyiq və ya hərbi avantüra təkcə bir dövlətlə deyil, daha geniş hərbi-siyasi imkanlara malik müttəfiqlə qarşıdurma anlamına gələcək.
Diqqət çəkən məqam isə yardımın sorğu əsasında və milli qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək olmasıdır. Bu o baxımdan önəmlidir ki, ehtimal emosional və ya situativ hərbi qərarların qarşı alınacaq. Yəni qərar daha institusional əsasda qəbul ediləcək.
Memorandumda dinc dövrdə birgə hərbi təlimlərin və manevrlərin keçirilməsi xüsusi yer tutur. Bu bənd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin operativ uyğunluğunun artırılmasına, komanda-idarəetmə sistemlərinin uzlaşdırılmasına və mümkün böhran vəziyyətlərində koordinasiyalı fəaliyyət qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək. Bu cür təlimlər faktiki olaraq kollektiv müdafiə mexanizminin real sınaqdan keçirilməsi baxımından çox vacibdir.
Sənədin mühüm aspektlərindən biri də hərbi kəşfiyyat və məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Yəni tərəflər bundan sonra məxfi, tam məxfi və xüsusi əhəmiyyətli məlumatları hüquqi çərçivədə bir biri ilə paylaşacaq. Bu, eyni zamanda regional risklərin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından əhəmiyyətli mexanizmdir.
Memorandumda tərəflər arasında yarana biləcək fikir ayrılıqlarınada yer verilib. Belə ki, belə hal olduqda tərəflər yalnız danışıqlar və məsləhətləşmələr yolu ilə həll məsələləri həll edə biləcək.
Aydın məsələdir ki, bu sənədi bir çox ölkə fərqli şərh etməyə çalışacaq hətta özü üçün təhdid görə bilər. Buna görə də sənəddə Memorandumun üçüncü dövlətlərə qarşı yönəlmədiyi xüsusi qeyd olunub. Bundan başqa sənəddə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edilməsi xüsusilə tərəflərin qarşılıqlı yardım mexanizmini beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurduğunu göstərir. Yəni Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədini ön plana çıxarır.
Azərbaycan və Türkiyənin Anlaşma Memorandumunu məhz indi rəsmiləşdirməsi də təsadüfi deyil. Belə ki, regionda təhlükəsizlik mühiti köklü şəkildə dəyişib və bu dəyişiklik artıq sözlərlə idarə olunan mərhələni geridə qoyub. Cənubi Qafqazda isə ümumiyyətlə yeni reallıqlar formalaşıb. Bununla belə bu da bir həqiqətdir ki, həmin o, reallıqlar hələ tam oturuşmayıb və müxtəlif güc mərkəzləri tərəfindən sınağa çəkilir. Məhz belə bir şəraitdə Bakı və Ankara təhlükəsizliyi bəyanatlara yox, hüquqi mexanizmlərə bağlamağı zəruri idi.

Sizin reklam burada
Sizin reklam burada