Rusiya və Çindən ABŞ-a “mesaj”

Rusiya və Çindən ABŞ-a “mesaj”
09 Mar 2025 18:29

Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimlər keçirməyi planlaşdırır. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada təlimlərin dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcəyi bildirilib.


News365.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.


O qeyd edib ki, Rusiya son illərdə ayrılıqda həm İran, həm də Çinlə birgə hərbi təlimlər keçirir:


“Misal üçün 2024-cü il noyabrın sonunda Rusiya Çinlə birgə Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit okeanın qərb hissəsində birgə patrul xidməti həyata keçirib. Bu təlimlər Yaponiyanın narahatlığına səbəb olmuşdu. Çünki Rusiya ilə Çinin birgə təlimləri Yaponiyaya məxsus adalara yaxın ərazidə baş tutmuşdu.


İndi isə Rusiya İran və Çinlə birgə hərbi təlimlər keçirməyə qərar verib. İranın bu təlimlərə verdiyi əhəmiyyət anlaşılandır. ABŞ və İsrail İrana təzyiqi getdikcə artırır. İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərb’lərindən narahatdır. Bunun qarşısını almağın yollarından biri tərəfdaş ölkələr olan Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməkdir. İranda qərar verənlər düşünürlər ki, Rusiya və Çinlə birgə hərbi təlimlər ABŞ və İsraili İrana qarşı hərbi əməliyyat planlarından çəkindirəcək.


Çin də təlimlərə xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, təlimlərdə Çinin “Baotou” esminesi və “Qaoyu Lake” təchizat gəmisi iştirak edəcək. Təlimlərin İranın Çabahar limanı yaxınlığında keçirilməsi də diqqət çəkir. Məsələ burasındadır ki, İran həmin limanın işlədilməsini Hindistana həvalə edib. Həmin liman Azərbaycandan da keçməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hindistan məhsullarını həmin liman üzərindən Şimal-Cənubi nəqliyyat dəhlizi ilə daşımağı planlaşdırır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulması işinin ümumi dəyəri isə 370 milyon dollardır.


Liman Donald Tramp administrasiyasının da diqqətini çəkib. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu, İranın problemlərini artıracaq. Ona görə də İran liman yaxınlığında birgə hərbi təlimlərə xüsusu əhəmiyyət verir”.


Sizin reklam burada
Sizin reklam burada