İnsan bəzən özünü olduğundan böyük göstərmək üçün başqasının boyunu kiçiltməyə çalışır. Özündə tapa bilmədiyi üstünlüyü qarşısındakının qüsurlarında axtarır və beləcə, “mən ondan daha ağıllıyam”, “mən ondan daha əxlaqlıyam”, “mən ondan daha güclüyəm” deməklə öz dəyərinə inandırmağa çalışır. Halbuki insanın həqiqi böyüklüyü başqasını kiçiltməkdən başlamır. Əksinə, bir insanın özünü təsdiq etmək üçün mütləq qarşısında bir “aşağı” insan yaratmağa ehtiyacı varsa, bu onun böyüklüyündən daha çox daxilindəki boşluq haqqında danışır. Bəlkə də bu səbəbdən son vaxtlar qadın və kişi münasibətlərindən bəhs edən bəzi yazılara baxanda insanın diqqətini mövzunun özündən daha çox həmin yazıların arxasında dayanan psixologiya çəkir. Nə üçün insan bir qadının səhvindən danışarkən bütün qadınlara hökm çıxarmağa ehtiyac duyur?, Nə üçün bir kişinin davranışını tənqid etmək əvəzinə bütün kişiləri eyni qəlibə salmaq lazım gəlir?, Nə üçün bir cinsin digərindən üstün olduğunu sübut etməyə bu qədər böyük ehtiyac yaranır? Axı həyat yarış meydanı deyil ki, burada qadın qalib gəlsin, kişi məğlub olsun, yaxud kişi üstün çıxsın, qadın uduzsun. İnsanlığın heç bir böyük problemi belə həll olunmayıb. Əslində qadın və kişi haqqında mübahisələrin bir hissəsi həqiqəti axtarmaqdan çox, insanın öz tərəfini haqlı çıxarmaq ehtiyacından doğur. İnsan özünü müdafiə etməyə başladıqda çox vaxt faktlardan əvvəl emosiyalar danışır. Bir qadınla pis münasibət yaşamış kişi bütün qadınlar haqqında mənfi düşünməyə başlayır, bir kişidən zərər görmüş qadın isə bütün kişiləri eyni tərəziyə qoyur. Bir ailədə yaşanan hadisə bütöv cəmiyyətin qanununa çevrilir. Bir insanın şəxsi təcrübəsi ümumi həqiqət kimi təqdim olunur. Halbuki insan öz yarasını cəmiyyətin qanunu elan etməməlidir. Bir qadının səhvi bütün qadınların xarakterini müəyyən etmədiyi kimi, bir kişinin cinayəti də bütün kişiliyin mahiyyətini ifadə etmir. İnsanları cinsinə görə deyil, davranışına, seçimlərinə, vicdanına və əməlinə görə qiymətləndirmək daha ədalətli yanaşmadır. Çünki əxlaqın qadın və kişi üçün ayrı ölçüsü yoxdur. Xəyanət qadın edəndə xəyanətdir, kişi edəndə də. Yalan qadının dilindən çıxanda yalandır, kişinin dilindən çıxanda da. Zorakılığın cinsiyyəti yoxdur, ədalətsizliyin də. Əgər bir prinsip doğrudursa, onun tətbiqi insanın qadın və ya kişi olmasından asılı olmamalıdır. İnsan psixologiyasının maraqlı xüsusiyyətlərindən biri də budur ki, adam bəzən özündə qəbul etmək istəmədiyi xüsusiyyətləri başqalarında daha asan görür. Psixologiyada proyeksiya adlandırılan bu mexanizm insanın daxilindəki bəzi hissləri və xüsusiyyətləri başqasına aid etməsi ilə bağlıdır. Əlbəttə, hər sərt fikir söyləyən insanın mütləq şəxsi travması olduğunu demək doğru olmaz. İnsan davranışının səbəbləri çoxşaxəlidir. Lakin davamlı aqressiya, nifrət, təhqir və ümumiləşdirmə artıq sadə fikir ayrılığından kənara çıxır. İnsan hansısa qrupa qarşı həddindən artıq düşmən münasibət bəsləyirsə, bəzən həmin qrup haqqında deyil, öz daxili dünyası haqqında daha çox məlumat verir. Çünki sağlam düşünən insan bir fərdin səhvini görüb bütöv bir cinsə hökm çıxarmağa ehtiyac duymur. O, konkret problemi konkret insanın davranışı ilə əlaqələndirir. Ümumiləşdirmə isə düşüncənin tənbəlliyidir: bir neçə nümunəni götürüb milyonlarla insan haqqında nəticə çıxarmaq asandır, amma həqiqəti bütün mürəkkəbliyi ilə araşdırmaq çətindir.
İnsanın dili də onun daxili dünyasının görünən tərəflərindən biridir. Sözə nəzarət etmək yalnız ədəbi mədəniyyət məsələsi deyil, həm də mənəvi məsuliyyətdir. Bir insan qarşısındakını təhqir edərkən yalnız həmin şəxsi alçaltmır, eyni zamanda özünün hansı mənəvi sərhədləri keçə bildiyini də göstərir. Bir qadının fikrini tənqid etmək üçün onu təhqir etməyə ehtiyac yoxdur. Bir kişinin səhvini göstərmək üçün onun şəxsiyyətini alçaltmaq lazım deyil. Güclü fikir qarşı tərəfi əzmədən də güclü ola bilər. Güclü arqument təhqirə möhtac deyil. Əksinə, fikir zəiflədikcə təhqir çox vaxt onun yerini doldurmağa başlayır. İnsan qarşısındakı şəxsin fikrini çürütmək əvəzinə onun şəxsiyyətinə hücum edirsə, deməli, artıq müzakirə müstəvisindən çıxıb emosional üstünlük yaratmağa çalışır. Bəlkə də ən böyük problem buradan başlayır: insan qarşısındakını insan kimi görməkdən imtina edir və onu bir etiketə çevirir. “Qadın belədir”, “kişi belədir”, “bu millətin qadınları belədir”, “kişilər həmişə belə davranır” kimi cümlələr insanın fərdiliyini yox edir. Halbuki hər insan ayrıca bir dünyadır. Onun uşaqlığı, ailəsi, aldığı tərbiyə, yaşadığı hadisələr, qarşılaşdığı insanlar, qazandığı və itirdiyi dəyərlər, qorxuları, arzuları və seçimləri var. Eyni ailədə böyüyən iki insan belə tamamilə fərqli xarakterə sahib ola bilər. Necə olur ki, bir insanın davranışından milyonlarla insan haqqında hökm çıxarmağa haqqımız çatır? İnsanın dünyası əvvəlcə evdə formalaşır. Uşaq dünyanı ilk növbədə kitabdan deyil, ailəsinin davranışlarından öyrənir. Oğlan atasının anasına necə münasibət göstərdiyini görür. Qız atasının qadın haqqında necə danışdığını eşidir. Uşaq ailədə mübahisənin necə həll edildiyini, böyüyə necə hörmət göstərildiyini, zəifə necə münasibət bəslənildiyini, səhvin necə qarşılandığını müşahidə edir. Sonra həmin uşaq böyüyür və cəmiyyətə daxil olur. Biz isə illər sonra onun davranışına baxıb “bu nəsil niyə belə oldu?” deyə təəccüblənirik. Halbuki cəmiyyətin gələcəyi çox vaxt illər əvvəl evlərin içində deyilmiş cümlələrin davamıdır. Bir oğlan uşağına daim qadının zəif, itaət etməli və susmalı olduğu öyrədilirsə, onun qadına münasibətində problem yarananda yalnız özünü günahlandırmaq nə qədər doğrudur? Bir qıza daim onun fikrinin əhəmiyyətsiz olduğu, yalnız susmağın və tabe olmağın “yaxşı qız” olmaq demək olduğu öyrədilirsə, sonra onun özünəinamının aşağı olmasından şikayət etmək nə qədər ədalətlidir? Əvvəl insanın qarşısına divar çəkib sonra niyə uzağa gedə bilmədiyini soruşmaq məntiqsizdir. Əgər cəmiyyət qadından savad, mədəniyyət, geniş dünyagörüşü, özünəinam və yüksək mənəvi keyfiyyətlər gözləyirsə, ona bunları qazanmaq üçün imkan da yaratmalıdır. Təhsil almağa qoymadığın, işləməsinə mane olduğun, fikir söyləməsini istəmədiyin, daim qorxu içində saxladığın insandan sonra niyə inkişaf gözləyirsən?
Əlbəttə, cəmiyyətimizdə öz üzərində işləməyən qadınlar var. Pulunu, vaxtını və imkanını yalnız zahiri görünüşə, alış-verişə, dedi-qoduya və mənasız məşğuliyyətlərə sərf edən, kitabdan, elmdən, mədəniyyətdən uzaq duran qadınlar da var. Amma bunun qadın təbiətinə aid xüsusiyyət olduğunu söyləmək həm məntiqsiz, həm də ədalətsizdir. Eyni həyat tərzini seçən kişilər də kifayət qədərdir. Elmə, mütaliəyə, özünü inkişaf etdirməyə marağı olmayan, vaxtını mənasız mübahisələrə və əyləncələrə sərf edən kişilər də var. Deməli, problem qadın olmaqda və ya kişi olmaqda deyil; problem insanın özünü inkişaf etdirmək ehtiyacını itirməsindədir. Savadlı olmaq da avtomatik olaraq kamil insan olmaq demək deyil. Diplom insanın zehninə bilik verə bilər, amma vicdanına zəmanət vermir. Ali təhsil almış insan da kobud, eqoist və ədalətsiz ola bilər; təhsil almaq imkanı olmayan bir insan isə son dərəcə mərhəmətli, ləyaqətli və müdrik ola bilər. İnsan dəyərinin bütününü diplomla ölçmək nə qədər yanlışdırsa, onu cinslə ölçmək də bir o qədər yanlışdır. Fəlsəfə də ən qədim suallarından biri insanın özünü tanıması ilə bağlıdır. İnsan əsrlərdir özünün kim olduğunu, niyə yaşadığını, yaxşılığın və pisliyin haradan gəldiyini, insanı kamil edən şeyin nə olduğunu soruşur. Şərq düşüncəsində nəfsin tərbiyəsi, Qərb fəlsəfəsində özünü dərk etmə, dini dünyagörüşündə isə insanın mənəvi məsuliyyəti müxtəlif dillərdə eyni həqiqətə işarə edir: insanın ən çətin mübarizəsi çox vaxt başqası ilə deyil, özü ilədir. Lakin öz daxilinə baxmaq çətindir. Öz səhvini etiraf etmək insanın eqosunu incidir. Başqasını günahlandırmaq isə daha rahatdır. Ona görə bəzi insanlar ömür boyu ətrafında günahkar axtarır: qadın günahkardır, kişi günahkardır, gənclər günahkardır, yaşlılar günahkardır, cəmiyyət günahkardır. Amma bir dəfə də öz qarşısında dayanıb “mən bu mənzərənin yaranmasına nə qədər səbəb olmuşam?” sualını vermək istəmir. Halbuki cəmiyyət göydən hazır şəkildə düşmür. Cəmiyyət bizim davranışlarımızın böyük cəmidir. Evdə qadına hörmətsizlik edən kişi küçədə qadına hörmət edən cəmiyyət tələb edirsə, burada ciddi ziddiyyət var. Oğluna qadını alçaltmağı öyrədən ata sabah həmin oğlun ailəsində sağlam münasibət qurmasını gözləyirsə, özünün yetişdirdiyi düşüncəyə baxmalıdır. Qızına daim susmağı öyrədən ailə sonradan onun öz hüquqlarını müdafiə edə bilməməsindən şikayətlənirsə, problemin bir hissəsini özündə axtarmalıdır. Uşaq tərbiyəsində ən güclü dərs nəsihət deyil, nümunədir. Uşağa “hörmətli ol” deməkdən daha təsirli olan, onun qarşısında hörmətli davranmaqdır. “Qadına hörmət et” deməkdən daha güclü olan, atanın öz həyat yoldaşına hörmət etdiyini uşağın görməsidir. Bu baxımdan qadını alçaltmaq yalnız bir qadına qarşı edilən haqsızlıq deyil. Bu gələcək nəslin şüuruna ötürülən davranış modelidir. Eyni şəkildə kişini yalnız pul qazanan, əmr edən, sərt və hissiz varlıq kimi təqdim etmək də sağlam münasibətlər yaratmır. Kişinin də hissləri, qorxuları, zəiflikləri və mənəvi ehtiyacları var. Ondan daim sərtlik tələb etmək, ağlamağı, inciməyi, kömək istəməyi və yorulmağı zəiflik hesab etmək də başqa bir qəlibdir. İnsan nə qadınlığın, nə də kişiliyin qəlibinə həbs edilməməlidir. Çünki insan ilk növbədə insandır. İslam dini insanın üstünlüyünü cins, sərvət, soy-kök və sosial mövqedə deyil, mənəvi keyfiyyətlərdə və təqvada axtarır. Qurandakı insanlıq anlayışı insanı bir-birinə düşmən qruplar kimi deyil, müxtəlifliyə baxmayaraq eyni mənəvi məsuliyyət daşıyan varlıqlar kimi təqdim edir. Bu baxımdan qadını alçaltmaq kişiyə mənəvi üstünlük vermir. Kişini alçaltmaq da qadını üstün etmir. İnsan başqasının ləyaqətini tapdalamaqla öz ləyaqətini artıra bilməz. Dini əxlaqın əsas sınağı da məhz burada başlayır: insan özündən zəif gördüyü adama necə davranır? Özündən fayda görmədiyi insana necə münasibət göstərir? Evdə, heç kimin görmədiyi yerdə necə davranır? Çünki insanın həqiqi əxlaqı çox vaxt ictimai görüntüsündən deyil, gizli davranışlarından bilinir. Məhəmməd Peyğəmbər (s.a.s) ailəyə yaxşı münasibət xüsusi əhəmiyyət daşıdığını buyurub. İnsanın əxlaqının evində necə göründüyü onun mənəvi səviyyəsinin mühüm göstəricisidir. Küçədə nəzakətli, dostlarının yanında mədəni, cəmiyyətdə hörmətli görünmək asandır. Əsl sınaq isə evdə başlayır. Həyat yoldaşına necə danışırsan?, Övladının səhvinə necə reaksiya verirsən?, Anana necə münasibət göstərirsən?, Evindəki qadının fikrini dinləyirsənmi?, Onun şəxsiyyətinə hörmət edirsənmi? Bunlar insanın mənəvi portretini çox vaxt hər hansı böyük söz və nümayişdən daha yaxşı göstərir. Qadının imkanlarının genişlənməsi təkcə qadınların deyil, bütövlükdə cəmiyyətin inkişafına təsir edib. Elm, ədəbiyyat, fəlsəfə, incəsənət, tibb və ictimai həyatın müxtəlif sahələrində qadınların iştirakının artması insanlığın düşüncə sərhədlərini genişləndirib. Qadının potensialını cinsinə görə əvvəlcədən məhdudlaşdırmaq, əslində, cəmiyyətin öz imkanlarının bir hissəsindən könüllü şəkildə imtina etməsidir. Eyni zamanda kişini də yalnız hökm edən, sərt və dominant tərəf kimi təqdim etmək onun insani potensialının böyük hissəsini kölgədə qoyur. Tarix boyu ailəsi üçün fədakarlıq edən, elm yaradan, cəmiyyət quruculuğunda iştirak edən, övlad yetişdirən və öz həyatını başqalarının rifahına həsr edən kişilər də olub. Kişiliyin ən yüksək forması hökmranlıq deyil, məsuliyyətdir. Əsl gücün nə olduğunu da burada yenidən düşünmək lazımdır. Bir insanı qorxutmaq gücün primitiv formasıdır. Əmr etmək, susdurmaq, öz iradəsini zorla qəbul etdirmək də bir növ gücdür. Lakin bundan daha yüksək bir güc var: inandırmaq, qorumaq, inkişaf etdirmək, məsuliyyət daşımaq, qarşısındakının potensialını üzə çıxarmaq. Güclü insanın öz gücünü sübut etmək üçün zəifi əzməyə ehtiyacı yoxdur. Günəş başqa bir işığı söndürməklə parlamır. Böyük ağac yanındakı ağacın böyüməsinə mane olmaqla ucalmır. İnsan da başqasını kiçiltməklə böyük olmur. Ailə də eynilə belədir. Əgər kişi qadını məğlub etməyə çalışırsa, əslində öz evində məğlubiyyətin toxumunu səpir. Çünki ailədə biri qalib gəlib digəri uduzanda münasibətin özü uduzur. Ailə yarış meydanı deyil. Orada kimin daha güclü olduğu deyil, iki insanın bir-birinin həyatını necə yaxşılaşdırdığı əsas məsələdir. Qadın kişidən nə gözlədiyini, kişi qadından nə tələb etdiyini çox yaxşı bilir. Amma hər ikisi bir gün “mən qarşı tərəfin həyatını asanlaşdırmaq üçün nə edirəm?” sualını versə, münasibətlər haqqında çox şey dəyişə bilər. Çünki sağlam münasibət “mənə nə verəcəksən?” sualından “mən sənə nə verə bilərəm?” sualına keçəndə başlayır.
Bu gün sosial şəbəkələrdə qadın və kişi haqqında kəskin, emosional və qarşıdurma yaradan yazıların daha çox diqqət çəkməsi də təsadüfi deyil. İnsan beyni qəzəb və qarşıdurmaya sakit, ölçülü fikirdən daha sürətli reaksiya verə bilir. Buna görə “qadınlar belədir”, “kişilər belədir” kimi sərt ümumiləşdirmələr çox vaxt daha çox reaksiya doğurur. Lakin çox oxunmaq həqiqətli olmaq demək deyil. Çox paylaşılmaq elmi fakt yaratmır. Minlərlə bəyənmə bir fikrə avtomatik olaraq doğruluq qazandırmır. Səs-küy həmişə həqiqətin ölçüsü deyil. Bəzən ən çox yayılan fikir ən zəif əsaslandırılmış fikir ola bilər. Ona görə qadın və kişi münasibətlərindən yazan insanın məsuliyyəti daha böyükdür. Əgər konkret sosial problem haqqında danışılırsa, şəxsi təəssürat fakt kimi təqdim edilməməlidir. Araşdırma, statistika, müqayisə və real müşahidə lazımdır. Bir neçə şəxsi nümunədən bütöv cəmiyyət haqqında hökm çıxarmaq düşüncə deyil, ümumiləşdirmədir. Bir qadınla yaşadığın pis münasibət bütün qadınları pis etmir. Bir kişidən gördüyün xəyanət bütün kişilərin xəyanətkar olduğunu sübut etmir. İnsan öz təcrübəsinin sərhədlərini bilməlidir. Əks halda şəxsi ağrı ictimai həqiqət kimi təqdim edilir və bir nəfərin hekayəsi minlərlə insanın üzərinə yapışdırılan etiketə çevrilir. Bəlkə də cəmiyyətə qadınla kişinin hansının daha ağıllı olduğunu sübut edən yazılardan daha çox, hər ikisinin necə daha yaxşı insan ola biləcəyini izah edən yazılar lazımdır. Kimin üstün olduğunu axtarmaqdansa, kimin daha ədalətli, daha vicdanlı, daha mərhəmətli, daha məsuliyyətli və daha ləyaqətli ola biləcəyini düşünmək daha faydalıdır. Çünki həyatın sonunda insanın qarşısında “kişilərdən üstün idim” və ya “qadınlardan ağıllı idim” kimi bir ölçü dayanmayacaq. İnsan öz vicdanı ilə üz-üzə qalacaq. O zaman nə qədər insanı alçaltdığı deyil, neçə insanın həyatına yaxşılıq qatdığı daha böyük məna daşıyacaq. Bir kişinin böyüklüyü yanında olan qadının nə qədər susmasında deyil, onun yanında öz fikrini nə qədər rahat ifadə edə bilməsində görünür. Bir qadının dəyəri kişinin qarşısında nə qədər itaətkar olmasında deyil, münasibət içində öz ləyaqətini və vicdanını necə qorumasında görünür. Bir ailənin gücü kimin kimə hökm etməsində deyil, iki insanın bir-birinin ləyaqətini necə qorumasında görünür. Bir cəmiyyətin mədəniyyəti isə meydanlarda səsləndirilən böyük sözlərdən daha çox, evlərin içində insanların bir-birinə necə davrandığında üzə çıxır. Əgər həqiqətən cəmiyyətin dəyişməsini istəyiriksə, “qadın niyə belədir?” və ya “kişi niyə belədir?” sualından bir qədər uzaqlaşıb daha ağır bir sual verməliyik: biz insanı belə edən hansı mühiti yaratmışıq? Çünki insanı yalnız günahlandırmaq asandır, onu formalaşdıran səbəbləri anlamaq isə daha böyük düşüncə tələb edir. Uşağa hörməti öyrətmək üçün əvvəlcə ona hörmət göstərmək lazımdır. Qadından mədəniyyət gözləyiriksə, ona mədəni münasibət göstərməliyik. Kişidən məsuliyyət tələb ediriksə, onun üzərinə yalnız hökmranlıq yükü deyil, sağlam mənəvi tərbiyə də qoymalıyıq. Cəmiyyət dəyişiklik istəyirsə, ilk növbədə evdəki davranışlarını dəyişməlidir. Çünki bu gün ailədə deyilən bir cümlə sabah bir övladın xarakterinə çevrilə bilər. Bu gün yazılan bir təhqir sabah bir gəncin düşüncəsinə çevrilə bilər. Bu gün normal qəbul edilən bir ikili standart sabah bütöv bir ailənin həyatını zəhərləyə bilər. Sözün görünməyən bir taleyi var. İnsan bəzən bir cümlə yazır və həmin cümlənin illər sonra kimin düşüncəsində, hansı münasibətdə, hansı ailədə öz əksini tapacağını heç vaxt bilmir. Bu səbəbdən qələm sahibinin məsuliyyəti böyükdür. Qələm yalnız yazmaq vasitəsi deyil, düşüncə yaratmaq vasitəsidir. O, yaraya məlhəm də ola bilər, yaraya duz da səpə bilər. Yazı insanı qəzəbləndirib qarşı tərəfə düşmən edə də bilər, onu düşündürüb öz daxilinə baxmağa vadar edə də bilər. Əsl yazının gücü oxucunu kiməsə nifrət etdirməkdə deyil, ona özünü və ətrafındakı dünyanı daha dərindən görməyi öyrətməkdədir.
Qadın haqqında yazmaq çətin deyil. Kişi haqqında yazmaq da. Çətin olan ədalətli yazmaqdır. Çətin olan öz tərəfinin səhvini də etiraf etmək, sevmədiyin tərəfin haqqını da qorumaqdır. Çətin olan insanı cinsindən əvvəl insan kimi görə bilməkdir. Əsl intellektual dürüstlük məhz burada başlayır. Bəlkə də ən böyük səhvimiz budur ki, qadınla kişinin hansının üstün olduğunu müzakirə edirik, halbuki hər ikisinin insan olaraq nə qədər kamilləşə bildiyini müzakirə etməliyik. Çünki bir tərəfin yüksəlməsi digər tərəfin alçalması hesabına baş verirsə, orada həqiqi yüksəliş yoxdur. Həqiqi inkişaf qadının kişiyə, kişinin qadına qalib gəlməsi deyil. Həqiqi inkişaf hər iki tərəfin öz daxilindəki eqonu, nadanlığı, ayrı-seçkiliyi, zorakılığı, ikili standartı və mənəvi məsuliyyətsizliyi aşmasıdır. İnsan başqasını kiçiltməklə böyümür. Başqasının ləyaqətini qoruyaraq öz ləyaətini yaşada bildiyi zaman böyüyür. Əsl kişilik qadını susdurmaqda deyil, onun insan kimi dəyərini qorumaqda; əsl qadınlıq kişini alçaltmaqda deyil, münasibətdə ləyaqət və vicdanı yaşatmaqda; əsl insanlıq isə özünü başqasından üstün görməkdə deyil, öz daxilindəki kiçikliyi aşmaqda başlayır. Çünki insanın ən böyük qələbəsi başqa bir insan üzərində qazandığı üstünlük deyil. Ən böyük qələbə öz içindəki nadanlığa, eqoya, nifrətə və ədalətsizliyə qalib gəlməsidir. Bir cəmiyyətin həqiqi tərəqqisi qadınların kişilərdən, kişilərin qadınlardan üstün olduğunu sübut etdiyi gün yox, heç birinin bunu sübut etməyə ehtiyac duymadığı gün başlayacaq.
Həsən Nağıyev, filosof