“Fransa zəif bəndə çevrilir” – Politoloqdan Makronun siyasətinə sərt qiymət

“Fransa zəif bəndə çevrilir” – Politoloqdan Makronun siyasətinə sərt qiymət
13:40

Bir vaxtlar Avropanın aparıcı siyasi güclərindən biri kimi çıxış edən Fransanın həm daxili siyasətdə, həm də beynəlxalq arenada ciddi problemlərlə üzləşdiyi barədə müzakirələr davam edir. Ölkə daxilində sosial narazılıqların artması, xarici siyasətdə isə xüsusilə Afrikada əvvəlki təsirin zəifləməsi Parisin qarşısında yeni suallar yaradıb.

News365.az xəbər verir ki, politoloq Taleh Əliyev Fransanın son illərdə yaşadığı prosesləri ciddi geriləmə kimi qiymətləndirib.

O, hesab edir ki, Parisin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin yaratdığı təsir imkanları tədricən zəifləyir. Politoloqun fikrincə, Afrika ölkələrində Fransaya qarşı artan etirazlar Parisin regiondakı mövqelərinə də təsirsiz ötüşmür.

Taleh Əliyev bu proseslərin Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə daha qabarıq göründüyünü bildirib.

“Bu uğursuz dövrün Makron hakimiyyətinə təsadüf etməsi təsadüfi deyil. Burada onun yürütdüyü siyasətin də rolunu qeyd etmək lazımdır. Afrika xalqlarının Fransanın siyasətinə qarşı etirazları Parisin regiondakı əvvəlki təsir imkanlarını ciddi şəkildə zəiflədir”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Fransanın problemləri yalnız xarici siyasətlə məhdudlaşmır. Ölkə daxilində də uzun müddətdir davam edən sosial narazılıqlar hakimiyyət üçün ciddi çağırışlar yaradır.

Politoloq “Sarı jiletlilər” hərəkatını və fermerlərin etirazlarını nümunə göstərərək Fransada sosial və iqtisadi narazılıqların miqyasına diqqət çəkib.

“Fransada illərdir müxtəlif sosial qrupların etirazları müşahidə olunur. ‘Sarı jiletlilər’ hərəkatı geniş rezonans doğurdu, fermerlərin böyük şəhərlərə yürüşləri baş verdi. Bütün bunlar ölkənin daxili siyasətində də ciddi problemlərin olduğunu göstərir”, – deyə Taleh Əliyev qeyd edib.

Politoloq hesab edir ki, Makronun prezidentliyi dövrü başa çatdıqdan sonra onun hakimiyyəti Fransanın tarixində mürəkkəb mərhələlərdən biri kimi qiymətləndirilə bilər.

Onun fikrincə, qarşıdakı prezident və parlament seçkiləri Fransanın siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Taleh Əliyev sağ radikal qüvvələrin mövqelərinin güclənməsi ehtimalının artdığını düşünür.

“Fransada sağ radikalların mövqelərinin möhkəmlənməsi yalnız ölkənin daxili siyasətinə təsir göstərməyəcək. Bu proses Avropa İttifaqının birliyi, gələcək strategiyası və birgə təşəbbüsləri baxımından da ciddi nəticələr doğura bilər”, – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada