Salyanda 200-ə yaxın fermer “Aztəsərrüfat” MMC-yə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini deyirlər.
News365.az xəbər verir ki, fermerlər bununla bağlı sosial mediada video yayıblar.
Onların sözlərinə görə, 2024–2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdirdiriblər. Topladıqları məhsulu qəbul məntəqəsinə təhvil verən fermerlər ödənişlərin tam şəkildə həyata keçirilmədiyini bildiriblər.
Fermerlərdən biri videomüraciətdə müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etdiklərini bildirib:
“1 il bundan qabaq zülmlə yetişdirdiyimiz pambığı gətirib bunlara təhvil verdik. Elə bu müddətdə Azərbaycanın ən yüksək dövlət qurumlarında qapı-qapı gəzirik. Yol pulu qalmayıb, bütün qurumlarda 5-6 dəfə olmuşuq. Hələ bir qurum yoxdur ki, bizimlə maraqlansın, pulumuzu niyə ala bilmədiyimizi araşdırsın. 176 fermerin adından Milli Məclisə məktub yazıb göndərdik.
Biz millət vəkillərinə səs vermişik ki, dar vəziyyətə düşəndə bizə dəstək olsunlar. Budur onların bizə dəstəyi?”.
Məsələ ilə bağli Aztəsərrüfat” MMC-dən bildirilib ki, aqroparkla müqavilə bağlayan fermerlərin ötən il oktyabrın 15-dək təhvil verdikləri məhsulların pulu tam ödənilib, sonrakı dövrdə təhvil verilən pambığın ödənişində isə gecikmələr yaranıb.
Müəssisədən əlavə edilib ki, qalan borcların ödənilməsi və gecikmələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, pambıq şirkətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aid edilməmişdirlər və Nazirliyin tabeliyində fəaliyyət göstərmirlər.
Nazirlikdən vurğulanıb ki, müraciətdə qeyd olunan məsələlərin həlli qurumun səlahiyyətlərinə aid deyil:
"Pambıq istehsalçıları və tədarükçüləri arasında münasibətlər bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının məhkəməyə müraciət etmə hüquqları vardır".
176 fermerin Milli Məclisə müraciəti ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin üzvü olan deputatların mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz və mesajlarımız cavabsız qalıb.
Qeyd edək ki, fermerlərin videosunun yayıldığı gün Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Saatlı rayonunun Fətəlikənd kəndində kombaynla pambıq yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
\\\“Bakupost”