News365.az xəbər verir ki, Jurnalist Günel Musa hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək müharibədən qayıdan şəxslərin psixoloji vəziyyətinə diqqət çəkib.
O bildirib ki, qazilik statusu insanın avtomatik olaraq problemsiz ailə həyatı quracağı anlamına gəlmir:
“Qazi olmaq insanı avtomatik olaraq yaxşı həyat yoldaşına çevirmir. Qəhrəman olmaq ailə münasibətlərində problemsiz insan olmaq zəmanəti deyil”.
Günel Musa Coratda baş verən hadisənin təfərrüatlarının insanı düşündürdüyünü qeyd edib. Onun sözlərinə görə, müharibədən qayıdan şəxslərin psixoloji vəziyyəti ailə qurarkən nəzərə alınmalıdır.
“Biz müharibədən qayıdan adama çox vaxt yalnız bir ad veririk: qazi. Qazi sözünün arxasındakı insanı görməyi unuduruq. Halbuki o insan dostlarının gözünün qarşısında öldüyünü görüb, ağır yaralanıb, günlərlə ölümün içində qalıb. Bəlkə gecələr yuxudan sıçrayaraq oyanır, səslərə, qoxulara, müəyyən görüntülərə qarşı kəskin reaksiyaları var. Onların içində danışmadıqları bir müharibə hələ də davam edir”, – deyə jurnalist yazıb.
O vurğulayıb ki, insanın ailə qurmağa psixoloji hazır olub-olmadığını onun keçmişi, yaşadığı travmalar, davranışları və öz vəziyyətinə münasibəti müəyyən edir.
“Müharibədə yaralanan insanın yalnız qolunu, ayağını müalicə etmək kifayət deyil. Bəzən görünməyən yara görünən yaradan daha təhlükəli olur”, – deyə Günel Musa qeyd edib.
Jurnalist qız övladlarını ailə qurmağa hazırlayan valideynlərə də müraciət edib. O bildirib ki, qızına yalnız “qazidir, fəxr et” deməzdən əvvəl onun gələcək həyat yoldaşının yanında özünü təhlükəsiz hiss edib-etmədiyi nəzərə alınmalıdır.
“Ən əsası, qızınızın ‘yox’ demək haqqının olub-olmadığına baxın. Çünki qız uşağının gələcəyini bir medalın parıltısına bağlamaq olmaz. Qəhrəmanlıq müharibədə göstərilən fədakarlıqdır. Ailə isə başqa bir məsuliyyətdir”, – deyə jurnalist bildirib.
Günel Musa qazilərin sosial dəstəklə yanaşı, psixoloji reabilitasiyaya da ehtiyac duyduğunu vurğulayıb.
“Heç kimin qəhrəmanlıq statusu sizin təhlükəsizliyinizdən üstün deyil”, – deyə o əlavə edib.