Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda namizədlərin heç biri qələbə üçün tələb olunan 50 faizdən çox səs toplaya bilməyib.
News365.a zxəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Beləliklə, oktyabrın 25-də keçiriləcək ikinci turda Liberal Partiyanın namizədi, senator Flavio Bolsonaru ilə hazırkı prezident Luis İnasio Lula da Silva mübarizə aparacaq.
Ali Seçki Məhkəməsinin rəsmi məlumatına görə, bülletenlərin 99,70 faizi hesablandıqdan sonra Bolsonaru 47,09 faiz, yəni 56 milyondan çox səs toplayıb. Lula da Silva isə 45,09 faiz - 53,6 milyondan çox səs əldə edib.
Beləliklə, oktyabrın 4-də keçirilən səsvermənin nəticələrinə əsasən, Bolsonaru hazırkı prezidenti 2 faiz bəndi və ya təxminən 2,39 milyon səslə qabaqlayıb.
Bolsonarunun nəticəsi seçkiqabağı sorğuların proqnozlarını üstələyib. Seçkidən əvvəl yayımlanan sorğular ilk turda Lula da Silvanın Bolsonarunu təxminən 3 faiz bəndi qabaqlayacağını göstərirdi.
İlk turda seçki kampaniyasının əsas mövzuları arasında qiymət artımı, korrupsiya və vətəndaşların gündəlik təhlükəsizliyi ilə bağlı məsələlər olub.
“Braziliya dəyişiklik istəyir, bu gün baş verənləri belə şərh etmək olar”, - Bolsonaru nəticələr açıqlanandan sonra jurnalistlərə deyib.
Senator Flavio Bolsonaru keçmiş prezident Jair Bolsonarunun oğludur. Jair Bolsonaru 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişi təşkil etməyə cəhd göstərdiyinə görə 27 il müddətinə azadlıqdan məhrum edilib.
Lula da Silva isə ilk turda qələbə qazanacağını gözlədiyini etiraf edib.
“Sabah yeni kampaniyaya başlayırıq. Pley-off mərhələsində mən çox güclüyəm. Görək, kimin planı daha yaxşı olacaq”, - Lula da Silva San-Pauluda tərəfdarlarına müraciətində bildirib.
Ümumilikdə seçkilərdə 158,7 milyona yaxın qeydə alınmış seçicidən 124,9 milyondan çoxu iştirak edib. Seçici fəallığı 78,93 faiz təşkil edib.