Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi fonunda artan gərginlik yeni mərhələyə keçsə də, Moskvanın sərt bəyanatları hələlik birbaşa hərbi qarşıdurmadan daha çox siyasi və psixoloji təzyiq vasitəsi kimi qiymətləndirilir. Rusiya rəsmilərinin Avropaya yönəlik xəbərdarlıqları xüsusilə NATO ölkələrinin Ukraynaya hərbi dəstəyi fonunda diqqət çəkir.
Məsələ ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a bildirib ki, Rusiyanın bu istiqamətdə mesajlar verməsi yeni hal deyil. Onun sözlərinə görə, Vladimir Putindən əvvəl də Rusiya rəsmiləri Ukraynaya silah tədarük edən ölkələrlə bağlı müxtəlif xəbərdarlıqlar səsləndiriblər.

Ekspert hesab edir ki, Moskvanın ritorikasını birbaşa həmin Avropa ölkələrinə hərbi hücum hazırlığı kimi qiymətləndirmək düzgün olmaz.
“Rusiyanın Ukraynaya qarşı müharibəsində Qərb ölkələrinin hərbi və siyasi dəstəyi mühüm rol oynayır. Eyni zamanda Rusiyaya silah və hərbi texnika baxımından müxtəlif NATO ölkələri ilə bağlı məsələlər də gündəmə gəlir. Bu ölkələrə qarşı hər hansı hərbi addım NATO-Rusiya qarşıdurması riskini kəskin şəkildə artırar və Moskva üçün ciddi siyasi nəticələr doğura bilər”, – deyə Zülfüqaroğlu bildirib.
Siyasi şərhçinin fikrincə, Kremlin sərt açıqlamalarının əsas məqsədlərindən biri Avropa ölkələrini Ukraynaya dəstək məsələsində çəkindirməkdir.
“Bu açıqlamaları daha çox çəkindirmə mesajı kimi qiymətləndirirəm. Moskva Avropa ölkələrinə təzyiqi artırmaqla Ukraynaya yardım məsələsində həm siyasi dairələrdə, həm də cəmiyyətdə narahatlıq yaratmağa və müəyyən fikir ayrılıqlarını dərinləşdirməyə çalışır”, – deyə o qeyd edib.
Zülfüqaroğlu hesab edir ki, hazırkı mərhələdə bu strategiyanın Avropa İttifaqının Ukrayna siyasətini köklü şəkildə dəyişdirəcəyini gözləmək doğru deyil.
Onun sözlərinə görə, Ukrayna müharibəsinin gələcək istiqamətinə Britaniya-ABŞ və Avropa İttifaqı-ABŞ münasibətləri də ciddi təsir göstərə bilər.
“Hazırkı mənzərəyə əsasən, müharibənin qarşıdakı dövrdə də tükəndirmə strategiyası üzərindən davam edəcəyini düşünürəm. Qış aylarına doğru döyüşlərin daha da intensivləşməsi mümkündür. Lakin yaxın perspektivdə bunun NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya çevrilməsi ehtimalını yüksək qiymətləndirmirəm”, – deyə siyasi şərhçi əlavə edib.