Azərbaycan nəinki Rusiya ilə, həmçinin qonşu və digər dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlərin qorunub saxlanılmasında maraqlı olan bir dövlətdir.
Bunu News365.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.
Onun sözlərinə görə, Azərbaycan daim Rusiya ilə münasibətlərin möhkəmləndirilməsində maraqlı tərəf olub və bu istiqamətdə hər zaman həssas mövqe nümayiş etdirib:
“Bizim Rusiya ilə müttəfiqlik bəyannaməmiz var və bu sənədə baxmayaraq, münasibətlərin gərginləşməsinin əsas səbəbi məhz Rusiya tərəfi olub. Müttəfiqlik bəyannaməsinin ikinci bəndində qeyd olunur ki, tərəflər milli maraqlarını qorumaq şərti ilə müstəqil beynəlxalq siyasət yürüdə bilərlər. Lakin Azərbaycanın milli maraqlarını qorumaq məqsədilə apardığı müstəqil siyasətə Rusiya aqressiv yanaşdı. Halbuki Azərbaycan heç vaxt Rusiyanın məsləhəti ilə addım atmayıb”.
Politoloqun sözlərinə görə, Moskva Bakıya qarşı müxtəlif istiqamətlərdə təzyiq addımlarına əl atıb:
“Birinci növbədə iqtisadi əlaqələrə təsir göstərən amillər ortaya çıxdı. Rusiyanın Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalına süni əngəllər yaratması bu münasibətləri gərginləşdirdi. Amma biz bu məsələnin üzərindən keçdik, çünki Rusiyanın həmin məhsullara ehtiyacı var idi”.
Bakir Həsənbəyli əlavə edib ki, müttəfiqlik bəyannaməsinin üçüncü bəndində tərəflərin birgə sülhün qorunması üçün səylər göstərməli olduğu qeyd edilir:
“Lakin əksinə, bəzi hallarda Rusiya dövlət dairələrində Azərbaycanın ərazisinin raket zərbələri ilə vurulmasının zəruriliyi barədə fikirlər səsləndi. Bu, açıq şəkildə müttəfiqlik prinsiplərinə zidd addım idi”.