“Qəzza ətrafında yaranan vəziyyət faktiki olaraq böyük bir düyünə çevrilib”- Fikrət Sadıqov

“Qəzza ətrafında yaranan vəziyyət faktiki olaraq böyük bir düyünə çevrilib”- Fikrət Sadıqov
10:06

Qəzza zolağı ətrafında baş verən hadisələr artıq faktiki olaraq böyük bir düyünə çevrilib. Bu prosesdə müxtəlif dövlətlər öz maraqları çərçivəsində fərqli mövqelər nümayiş etdirirlər.

Bunu News365.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və Türkiyə regionda aktiv şəkildə iştirak edirlər:

“Türkiyə bu məsələdə aparıcı rol oynayan dövlətdir. Tarixən fələstinliləri dəstəkləyib və dəfələrlə Qəzza zolağındakı vəziyyətə münasibət bildirib. Ona görə də Qəzza ilə bağlı proseslərdə Türkiyənin iştirakı mütləqdir”.

Fikrət Sadıqov qeyd edib ki, İsrail bu məsələdə Türkiyənin iştirakına etiraz edir:

“İsrailin etirazı səbəbsiz deyil. Çünki Türkiyə fələstinlilərə daha çox dəstək göstərir və daha obyektiv, lakin eyni zamanda bir qədər tərəfli mövqe nümayiş etdirir. Amma obyektiv yanaşaq – İsrail özü də birtərəfli siyasət yürüdür. ABŞ da müəyyən mənada İsraili dəstəkləyir, lakin bölgəyə qoşun yerləşdirmək məsələsi hazırda planlaşdırılan əsas istiqamətlərdən biridir”.

Politoloq əlavə edib ki, Avropa İttifaqı daxilində də bu məsələyə münasibətdə müəyyən ziddiyyətlər mövcuddur:

“Buna baxmayaraq, Avropa İttifaqı ümumilikdə fələstinlilərin tələblərini dəstəkləyir. Hazırda əsas məsələ humanitar yardımın təmin olunması, eləcə də bundan sonrakı diplomatik addımlar və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı beynəlxalq qərarların verilməsidir”.


Sizin reklam burada
Sizin reklam burada