Ermənistanda qarşıdakı qış mövsümü ərəfəsində enerji təminatı ilə bağlı yaranan suallar ölkənin Rusiya ilə münasibətlərini yenidən gündəmə gətirib. Xüsusilə qaz təchizatı sahəsində Rusiyadan asılılığın davam etməsi İrəvan üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə qaz kəmərlərində və kompressor stansiyalarında aparılan təmir işlərinin müddəti də diqqət çəkən məqamlardandır.
Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistan üzərində siyasi, iqtisadi və hərbi təzyiqləri müxtəlif istiqamətlərdə davam edir. Onun sözlərinə görə, qaz məsələsi də bu təzyiq mexanizmlərindən biri kimi qiymətləndirilə bilər.

Deputat qeyd edib ki, Ermənistanın öz qaz ehtiyatları yoxdur və ölkə enerji tələbatını əsasən idxal hesabına qarşılayır:
“Qarşıdan qış gəlir və məhz qış ərəfəsində bu təmirə ehtiyac olduğu bildirilir. Sadəcə olaraq, son vaxtlar Rusiya tərəfindən Ermənistana siyasi, iqtisadi, hərbi və digər istiqamətlərdə təzyiqlər davam edir. Bu təzyiqlərlə paralel olaraq digər dövlətlərdən də müəyyən istiqamətlərdə istifadə olunur.
Məlumdur ki, Ermənistanın öz qazı yoxdur. Bu qazı ya İrandan, ya Azərbaycandan, yaxud da son vaxtlar əsas istiqamət kimi Rusiyadan almalıdır. Əgər qaz kəmərləri və böyük kompressor stansiyaları təmir adı ilə dayandırılarsa, bu, mütləq şəkildə Paşinyan hökumətinin alternativ mənbələrə, o cümlədən İrana və ya Azərbaycana müraciət etməsi ilə nəticələnə bilər”.
Arzu Nağıyev hesab edir ki, qaz təchizatında yaranan mümkün fasilə Rusiyanın Ermənistan hökumətinə təzyiq vasitələrindən biri ola bilər. Deputatın fikrincə, burada əsas məsələ təmir işlərinin nə qədər davam edəcəyidir:
“Düşünürəm ki, bu, Rusiya tərəfindən əvvəlcədən düşünülmüş məsələdir. Çünki “Qazprom Ermənistan” böyük şirkətdir və birbaşa Rusiya ilə bağlıdır. Şirkətin səhmlərinin böyük hissəsi Rusiyaya məxsusdur.
Bu gün ən ciddi təzyiq vasitələrindən biri məhz qaz məsələsi ola bilər. Təmir 15 gün, 25 gün, hətta iki ay davam edə bilər. Amma qarşıda Ermənistan üçün qış gəlir. Bu qışdan çıxmaq və əhalinin, sənayenin enerji təminatını qorumaq üçün ölkəyə mütləq qaz lazımdır”.
Deputat vurğulayıb ki, təmir işlərinin formal olaraq texniki səbəblərlə izah edilməsi mümkün olsa da, prosesin müddəti və nəticələri siyasi baxımdan da qiymətləndirilməlidir.
“Görünə bilər ki, onlar hansısa təmir işləri ilə məşğuldurlar. Lakin bunun nə qədər uzanacağı və niyə uzadıldığı əsas suallardan biridir. Paşinyanın Rusiyaya səfərləri, Vladimir Putinlə görüşləri, Qırğızıstandakı görüşlərdən sonra səslənən bəyanatlar da diqqətdən kənarda qalmamalıdır.
Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də 102-ci Rusiya hərbi bazası ilə bağlı məsələlərin mütəmadi şəkildə gündəmə gətirilməsi göstərir ki, Rusiya Ermənistanı müəyyən məsələlərdə öz mövqeyinə uyğun davranmağa sövq etməyə çalışır”, – deyə Arzu Nağıyev bildirib.